
Bakı. Trend:
“Fitch” reytinq agentliyi Azərbaycan banklarının xarici
valyutada verdiyi kreditlərin payının azalmağa davam edəcəyini və
2026-cı ilin sonuna ümumi kredit həcminin təxminən 12%-ni təşkil
edəcəyini (2024-cü ilin sonuda 16% təşkil edib) gözləyir.
Bu barədə Trend
“Fitch”ə istinadən xəbər verir.
Reytinq agentliyinin hesabatında qeyd olunur ki, buna manatın
ABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşmə
sahəsində sərt tənzimləyici tədbirlər təsir göstərəcək.
“Hesab edirik ki, müştəri depozitlərinin dollarlaşması yüksək
səviyyədə qalacaq (2025-ci ilin üçüncü rübünün sonu: 44%), və
əhəmiyyətli makroprudensial təşəbbüslər olmadıqda dollarsızlaşma
prosesi tədrici səciyyəli qalmağa davam edəcək”, -deyə hesabatda
deyilir.
“Fitch”in Azərbaycan bank sektoru üzrə “neytral” proqnozu,
kredit genişlənməsinin yavaşlamasına baxmayaraq, 2026-cı ildə
davamlı maliyyə göstəricilərinin qorunub saxlanacağı gözləntilərini
əks etdirir (2026F: 2,5%; 2025: 2,3%), ilk növbədə qeyri-neft
sektorunun hesabına.
“Hələ də yüksək, lakin azalmaqda olan marjalarla dəstəklənən
sağlam bank mənfəətliliyi proqnozlaşdırılan mülayim kredit riski
volatilliyindən etibarlı qorunma təmin etməlidir. Maliyyələşdirmə
və likvidlik şəraitinin əsasən dəyişməz qalacağı gözlənilir”, –
hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, 2021–2024-cü illərdə kredit portfelinin
orta hesabla 18% artımından sonra, 2026-cı ildə kredit artım tempi
yüksək tək rəqəmli göstəricilərə enəcək, əsas artım isə pərakəndə
seqment hesabına təmin olunacaq.
“Bu yavaşlama, ev təsərrüfatlarının borc yükünün artması və
tənzimlənmənin sərtləşməsi, o cümlədən pərakəndə kreditlər üçün
yüksək normativ risk nisbətləri və yeni tətbiq edilmiş kredit kartı
limitləri üzrə məhdudiyyətlər hesabına pərakəndə seqmentdə böyümə
imkanlarının azalmasını əks etdirir”, – “Fitch” aydınlaşdırır.

