
Bakı.Trend:
2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş
Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin
yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və
bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalar çərçivəsində bölmələrin həyəcan
siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti,
döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və
maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif
hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və
artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi
tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları
keçirilib.
Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri,
eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat
cığırında fəaliyyətləri izlənilib.
Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək
qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi
qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.

