
Bakı. Trend:
Yanacaqdoldurma obyektlərinin istismarına müvafiq icra
hakimiyyəti orqanı tərəfindən lisenziya verilməsi üçün Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi
olmalıdır.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq
subyektlərinə müraciətində qeyd olunub.
Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən,
yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün
tələb olunan əlavə şərtlər sırasında Azərbaycan Respublikasının
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub. Belə ki,
yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün
həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə
əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında”
Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi
olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə
vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli,
texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu
qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər –
sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə
edilməlidir.
Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar
edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti
üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri)
yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda
olduğu halda, tələb olunan müvafiq ərizə formasını (https://competition.gov.az/az/page/melumat-merkezi/information/yanacaqdoldurma-obyektlerinin-istismarina-lisenziya-verilmesi-ucun-reyin-alinmasi)
doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa
ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)
və ya elektron poçt ([email protected])
vasitəsilə müraciət etməlidirlər.
Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma
obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə
məlumatların Agentliyin dövlət reyestrində (https://e-keyfiyyet.gov.az/informative-services/registry)
mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə
vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.
Qeyd edək ki, tələb olunan sənədlərin verilməsini həyata keçirən
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə
məlumat Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya
Mərkəzinin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi)
əldə oluna bilər.

