
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının
rəhbərlərinin 7-ci toplantısı keçirilib.
Tədbir tükdilli ölkələr arasında əməkdaşlığın müasir xarici
siyasətin əsas istiqamətlərindən biri olan ictimai diplomatiya
sahəsində daha da dərinləşdirilməsi üçün mühüm platformaya
çevrildi. İclasda TDT-nin Baş katibi, Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan və ev sahibi ölkə olan
Macarıstanın təmsilçiləri iştirak ediblər. Azərbaycanı tədbirdə
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təmsil edib
və onun mövqeyi müzakirələrin əsas diqqət mərkəzlərindən biri
olub.
Diaspor siyasəti artıq uzun müddətdir ki, xaricdə yaşayan
soydaşlara dəstək çərçivəsini aşaraq daha geniş məzmun kəsb edib.
Bu gün diaspor fəaliyyəti beynəlxalq təsir rıçağı kimi çıxış edir,
TDT ölkələrinə ümumi humanitar və mədəni kontekst yaratmağa,
informasiya mühitində mövcudluğunu gücləndirməyə və qlobal
səviyyədə strateji maraqları irəli sürməyə imkan verir. Dünyanın
müxtəlif ölkələrində yaşayan milyonlarla türkdilli insan böyük
potensiala malikdir və bu potensialın həyata keçirilməsi üçün
sistemli, qarşılıqlı əlaqəli və bir-birini tamamlayan yanaşmalara
ehtiyac duyulur. Məhz diaspor ümumi dəyərlərin, mədəniyyətin və
dilin qlobal daşıyıcısına çevrilir, eyni zamanda türk dövlətləri
ilə beynəlxalq ictimaiyyət arasında körpü rolunu oynayır.
Azərbaycan son illərdə diaspor siyasətinin ən kompleks və
effektiv modelini quraraq TDT-nin digər üzvləri üçün nümunəyə
çevrilib. Xaricdəki azərbaycanlı icmaları ilə çoxpilləli, müasir və
davamlı qarşılıqlı fəaliyyət sistemi yaradılıb. Bu sistem daimi
kommunikasiya, dəstək proqramları, təhsil təşəbbüsləri və geniş
mədəni fəaliyyətlər üzərində qurulub. Nəticədə Azərbaycan diasporu
ilə əlaqələr güclənib və ölkənin beynəlxalq humanitar təsir alətinə
çevrilib.
Fuad Muradov çıxışında türk dövlətləri arasında humanitar sahədə
əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, TDT-nin
Naxçıvan Sazişi əsasında yaradılmasını xatırladaraq ölkələr
arasında əməkdaşlığın son illərdə daha da intensivləşdiyini
bildirib. Onun sözlərinə görə, məhz Türk Diasporunun Birgə
Fəaliyyət Strategiyasının həyata keçirilməsi bu əməkdaşlığı
sistemli şəkildə möhkəmləndirir: “TDT çərçivəsində keçirilən
ikitərəfli və çoxtərəfli görüşlər, proqramlar, forumlar və
təşəbbüslər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə və
möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə Fuad Muradov qeyd
edib.
Budapeştdə diaspor fəaliyyətinin koordinasiyası məsələləri
xüsusi diqqət mərkəzində olub və bu sahədə Azərbaycan təcrübəsi
türkdilli dünyada ən uğurlulardan biri kimi qiymətləndirilib.
Dövlət Komitəsi ardıcıl şəkildə beynəlxalq tərəfdaşlıq əlaqələri
qurur, diaspor təşkilatları ilə sistemli iş aparır, dezinformasiya
ilə bağlı çağırışlara operativ reaksiya verir və türk dövlətləri
üçün vahid humanitar gündəliyin formalaşdırılmasını fəal şəkildə
müdafiə edir. Toplantıda çıxış edən nümayəndələr ümumi işin
“uzlaşdırılmış strategiyalar və ortaq məsuliyyət” prinsipləri
əsasında davam etdirilməsinin vacibliyini vurğuladılar ki, bu da
Azərbaycan modelinə tam uyğundur.
Görüşün ən vacib nəticələrindən biri 2026-cı il üçün “Diaspor
üzrə Birgə Fəaliyyət Planı”nın qəbul edilməsi oldu. Bu sənəd türk
dövlətlərinin humanitar və mədəni siyasət sahəsində vahid xətt
formalaşdırmaq istiqamətində səylərini birləşdirir. Planın qəbul
olunması geniş təcrübə mübadiləsinin, çoxistiqamətli müzakirələrin
və Azərbaycanın aktiv mövqeyinin nəticəsidir. Bu addım bir daha
Azərbaycanın türk dünyasının ictimai diplomatiyasının
formalaşdırılmasında əsas mərkəzlərdən biri olduğunu
təsdiqlədi.
Budapeşt toplantısı göstərdi ki, TDT ölkələri qarşılıqlı
tamamlanma və strateji koordinasiya prinsipləri əsasında yeni
ictimai diplomatiya arxitekturasına keçməkdə maraqlıdır. Bu
kontekstdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin
fəaliyyəti sistemli yanaşması, uzunmüddətli vizionu və yenilikçi
təşəbbüsləri ilə seçilir. Reallaşan layihələrin miqyası,
təşəbbüslərin ardıcıllığı və strateji idarəetmə Azərbaycan modelini
regionun ən uğurlu diaspor təcrübələrindən birinə çevirir və ölkəyə
beynəlxalq arenada davamlı humanitar və informasiya təsiri təmin
edir.

