Yeni enerji arxitekturası: Azərbaycanın “yaşıl gələcəy”ində Naxçıvanın rolu

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın enerji strategiyasında “yaşıl transformasiya” artıq
ayrıca istiqamət deyil, milli inkişafın əsas sütunlarından birinə
çevrilib. Ölkənin ümumi elektrik enerjisi istehsal gücü hazırda
9732,5 MVt təşkil edir ki, bunun 1829,6 MVt-ı, yəni təxminən 19
faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Bu
göstəricilər təkcə mövcud vəziyyəti deyil, eyni zamanda qarşıya
qoyulan iddialı hədəfləri də aydın şəkildə ortaya qoyur. Azərbaycan
2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının ümumi
generasiya gücünü 6 min meqavata çatdırmağı, bərpa olunan enerjinin
quraşdırılmış gücdə payını isə 38 faizə yüksəltməyi planlaşdırır.
Bu məqsədlə quruda və dənizdə yüzlərlə meqavatlıq yeni layihələrin
icrası nəzərdə tutulur ki, bu da enerji təhlükəsizliyi ilə yanaşı,
yeni sənaye sahəsinin formalaşması deməkdir.

Bu ümummilli “yaşıl enerji” hədəflərinin həyata keçirilməsində
Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyət daşıyır.
Günəş şüalanmasının yüksək səviyyəsi, əlverişli iqlim şəraiti və
coğrafi mövqeyi Naxçıvanı bərpa olunan enerji üçün təbii
laboratoriyaya çevirib. Muxtar Respublika uzun illər enerji
təminatında məhdudiyyətlərlə üzləşsə də, bu gün həmin üstünlüklər “yaşıl enerji” layihələri üçün mühüm imkanlara transformasiya
olunur. Naxçıvanın günəş və su enerjisi potensialından istifadəsi
yalnız regional enerji müstəqilliyini möhkəmləndirmir, eyni zamanda
Azərbaycanın 2030-cu il “yaşıl enerji” strategiyasının
reallaşmasında mühüm dayaq nöqtələrindən birinə çevrilir.

Bu gün Naxçıvanda bərpa olunan enerjinin payı quraşdırılmış
gücdə 44 faiz, istehsalda isə 48 faiz təşkil edir ki, bu göstərici
respublika üzrə orta səviyyəni xeyli üstələyir. Yaxın illərdə
istifadəyə verilməsi planlaşdırılan 50 MVt-lıq günəş elektrik
stansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyaları bu
payın daha da artacağını deməyə əsas verir. Beləliklə, faktiki
olaraq Naxçıvan Azərbaycanın “yaşıl enerji zonası” kimi
formalaşır.

Bu proses təsadüfi deyil, planlı dövlət siyasətinin nəticəsidir.
“Yaşıl Enerji Zonası” Konsepsiyası çərçivəsində 2026–2030-cu illər
üçün 12 prioritet istiqamətin müəyyənləşdirilməsi Naxçıvanın enerji
inkişafında institutlaşmış yanaşmanın tətbiq olunduğunu göstərir.
Məqsəd təkcə enerji istehsal etmək deyil, bu sahəni iqtisadi
inkişafın lokomotivinə çevirməkdir.

Enerji idarəçiliyində institusional
dönüş

Bu dönüş nöqtəsinin əsas hüquqi sütunu 2024-cü il 23 noyabr
tarixli 235 nömrəli Prezident Fərmanı oldu. Fərmana əsasən,
Naxçıvan Dövlət Energetika Xidmətinin istehsal və ötürmə
funksiyalarının “Azərenerji” ASC-yə həvalə edilməsi muxtar
respublikanın enerji sektorunu ölkənin vahid enerji sisteminə tam
şəkildə inteqrasiya etdi.

“Azərenerji”nin balansında yaradılan “Naxçıvan Enerji” MMC
çərçivəsində yeni struktur quruldu, 400-dən çox yerli mütəxəssis
işlə təmin olundu, enerji sahəsində insan kapitalı
gücləndirildi.




İnfrastruktur: köhnədən yeniyə
keçid

Naxçıvanın enerji sistemində problemlər əsasən ötürücü şəbəkənin
köhnəlməsi ilə bağlı idi. Bu gün isə mənzərə tam dəyişir. 110
kV-luq “Naxçıvan”, “Babək”, “Çeşməbasar” yarımstansiyalarında
aparılan yenidənqurma işləri, ölkədə ilk qapalı tipli
yarımstansiyanın tikintisi enerji təhlükəsizliyini və idarəolunma
çevikliyini əsaslı şəkildə artırır. “Yeni Culfa” yarımstansiyası
isə istismara hazırlıq mərhələsindədir. Bu proses paralel olaraq
rəqəmsallaşdırma ilə müşayiət olunur. Regional SCADA Mərkəzinin
inşası Naxçıvanın enerji idarəçiliyini real vaxt rejimində və
mərkəzləşdirilmiş şəkildə həyata keçirməyə imkan verəcək. Bu isə
artıq klassik enerji modeli yox, ağıllı enerji sistemi
deməkdir.

Regional enerji qovşağına doğru

Naxçıvanın “yaşıl enerji” strategiyası təkcə daxili təminatla
bitmir. Bölgənin Türkiyə vasitəsilə Avropa enerji bazarlarına
çıxışı real, texniki cəhətdən əsaslandırılmış layihəyə çevrilib.
“Cəbrayıl–Naxçıvan” (330 kV) və “Naxçıvan–Türkiyə” (400 kV)
xətlərinin, eləcə də çevirici yarımstansiyanın inşası planı bu
baxımdan strateji əhəmiyyət daşıyır.

Bu infrastruktur regionda “yaşıl enerji”nin transmilli nəqli
üçün yeni mərhələnin əsasını qoya bilər. Başqa sözlə, Naxçıvan
istehsalçıdan ixracatçıya doğru addımlamaqdadır.

Bu gün Naxçıvanda fəaliyyət göstərən 5 su, 3 günəş, 1 külək və 1
hibrid elektrik stansiyası artıq istehsalın təxminən 50 faizini “yaşıl enerji” hesabına formalaşdırır.

Beləliklə, Naxçıvanda həyata keçirilən “yaşıl enerji” layihələri
taktiki addımların cəmi yox, uzunmüddətli dövlət baxışının tərkib
hissəsidir. Burada məqsəd yalnız daha çox enerji istehsal etmək
deyil, enerji təhlükəsizliyini dayanıqlı əsaslara uyğunlaşdırmaq,
iqtisadiyyatı yeni mərhələyə daşımaq və bölgənin regional rolunu
yenidən formalaşdırmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir