
Bakı. Trend:
Gürcüstan İqtisadiyyat Nazirliyi Qara dəniz kabel layihəsi ilə
bağlı Avropa İttifaqından (Aİ) strateji, hüquqi və maliyyə dəstəyi
alacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası 2035-ci ilədək
Avropa İttifaqı ilə həmsərhəd regionlarda enerji bağlantılarının
gücləndirilməsinə yönəlmiş layihələrə geniş dəstək verəcək.
Məlumata görə, Gürcüstan və Rumıniyanın 2024-cü ilin sonunda
qarşılıqlı maraq doğuran layihə statusu almaq üçün birgə təqdim
etdiyi Qara dəniz sualtı kabel layihəsi Avropa Komissiyasının dərc
etdiyi siyahıya daxil edilib.
Bildirilib ki, layihə təqdim edilərkən Avropa Enerji İttifaqının
dəstəkləyici sənədi də əlavə olunub ki, bu da layihənin strateji
əhəmiyyətini bir daha təsdiqləyir.
Cari il dekabrın 1-də Avropa Komissiyası səlahiyyətli normativ
akt qəbul edərək qarşılıqlı və ikitərəfli maraq doğuran layihələrin
siyahısını təsdiqləyib, sənədi Avropa Parlamenti və Avropa Şurasına
təqdim edib. Aİ qanunvericiliyinə əsasən, belə status alan
layihələr hüquqi, maliyyə və strateji baxımdan birbaşa dəstək
alır.

