
Bakı. Trend:
Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı
– Müstəqillik Gününün 54-cü ildönümü münasibətilə Bakıda rəsmi
qəbul təşkil olunub.
Trend xəbər verir
ki, tədbirdə əvvəlcə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri
səsləndirilib.
Müstəqillik Gününün əhəmiyyəti barədə danışan BƏƏ-nin
Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb
Əmirliklərinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan
strateji potensialından bəhs edib. O, Azərbaycanla yüksək səviyyəli
siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin
yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb.
Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət
dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm
sahələrində əməkdaşlıq genişlənib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək
ölkələrimiz arasındakı dostluq münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Nazir BƏƏ
Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə
arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu
bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal
iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da
gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ
şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki,
Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu
ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.
Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında
münasibətlərin inkişafına töhfə verən şəxslər
mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.

