BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

“Bu ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl
Nəhyanın Qarabağa tarixi səfəri bizim dostluğumuzu, həmrəyliyimizi
və strateji tərəfdaşlığımızı əyani şəkildə nümayiş etdirdi. Səfər
zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm
sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında
Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.

Trend xəbər verir
ki, bu fikirləri Bakıda BƏƏ-nin Müstəqillik Günü ilə bağlı
keçirilən tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov deyib.

O, bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən
iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla davam edir və hər iki ölkə
bu münasibətləri inkişaf etdirmək niyyətindədir.

“İnvestisiya sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb
edir. 1 milyard ABŞ dolları maliyyə imkanlarına malik Birgə
İnvestisiya Fondu bu baxımdan əsas alətlərdən biridir. Hazırda Fond
çərçivəsində bir sıra investisiya layihələri üzrə danışıqlar
aparılır. Bu ilin sentyabrında Bakıda keçirilən Birinci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu zamanı “Modon Holding” ilə şəhərsalma
üzrə 5 milyard dollarlıq investisiya layihəsi üzrə əməkdaşlıq
sazişi imzalanıb. Neft və qaz sektorunda tərəfdaşlığımız SOCAR və
ADNOC arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf etməkdə davam
edir. Eyni zamanda, yeni layihələrə əməkdaşlığa marağın artdığını
müşahidə edirik. BƏƏ-dən olan şirkətlər Azərbaycanda bərpaolunan
enerji layihələrində strateji tərəfdaş və əsas investor kimi çıxış
edirlər. Ölkəmizdə istifadəyə verilən ilk Günəş elektrik
stansiyasının tikintisi Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə
həyata keçirilib. Digər tərəfdən, ticarət və investisiya
əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın
yaradılmasını planlaşdırırıq. Bu yeni institusional mexanizm biznes
icmalarımız arasında əməkdaşlığı daha da yüksək səviyyəyə
qaldırmağa kömək edəcək”, – deyə M.Cabbarov əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir