
Bakı. Trend:
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı
münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il
Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı
iclası keçirilib.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclas çərçivəsində Azərbaycan Respublikası YUNESKO-nun Silahlı
Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə
2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb.
Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan
səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin
səsini toplayıb.
Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni
mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa
Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl
olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki,
hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək
məqsədilə yaradılıb.
Azərbaycanın Komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin
qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin,
beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı
ardıcıl siyasətin göstəricisidir.
Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə Komitənin üzvü
olub.

