
Bakı. Trend:
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında
Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Maneələri aşanlar” adlı
inklüziv konsert keçirilib.
Trend xəbər verir
ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Ümid
Var” İnklüziv Yaradıcılıq Birliyinin və “Uşaqların xoşbəxt
gələcəyi” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində qonaqlar sağlamlıq imkanları məhdud
insanların əl işlərinin təqdim olunduğu xüsusi sərgi ilə tanış
olublar.
Daha sonra tamaşaçılara xüsusi qayğıya ehtiyacı olan uşaqların
iştirakı ilə hazırlanmış konsert proqramı təqdim edilib.
Səhnədə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov,
Çinarə İsmiyeva və görmə məhdudiyyətli ifaçı Rəvanə Ağamirova birgə
duetlə çıxış ediblər.
Proqramda, həmçinin muğam ifaçısı, autizmli vokalist Ramiz
Ağayevin təqdimatında “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Dirijor Nəsibə Cəfərovanın rəhbərliyi ilə inklüziv heyətdə
“Cəngi” xalq çalğı alətləri orkestrinin və “Səma” rəqs ansamblının
ifasında kompozisiyalar təqdim olunub.
Gecənin kulminasiya anı şairə Nigar Həsənzadənin poetik
kompozisiyası olub. Əsər autizmli pianoçu Ayxan Quluzadənin
müşayiəti ilə təqdim edilib və jest dilinə tərcümə ilə müşayiət
olunub.
Qeyd edək ki, tədbir çərçivəsində modelyer Ayten Osmanovanın
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi hazırladığı “Özəl
şəxslər” adlı kolleksiya da nümayiş olunub. Kəlağayı motivləri
əsasında hazırlanan bu unikal kolleksiya səhnədə sağlamlıq
imkanları məhdud 18 iştirakçı tərəfindən nümayiş etdirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək uşaqların
təqdimatından aldıqları təəssüratı bölüşüb. O, bildirib ki, bu gün
onlar səhhətindəki məhdudiyyətlərə baxmayaraq, çox yüksək səviyyə
göstərdilər. Bu isə həm onların istedadının, həm də onlara
göstərilən qayğının bariz nümunəsidir.
Deputat xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan müəllim
və mütəxəssislərə, eləcə də bu prosesdə fəal iştirak edən, gəncləri
ətrafında birləşdirən şəxslərə təşəkkürünü bildirib. Qeyd edib ki,
tədbirin “Maneələri aşanlar” adı dərin rəmzi məna daşıyır, çünki
bugünkü çıxışlar sevgi, diqqət və dəstəyin istənilən çətinliyi aşa
bildiyini canlı şəkildə nümayiş etdirdi.
Tədbir Azərbaycanın ilk inklüziv himnlərindən biri olan “Özəl
şəxslər” kompozisiyasının ifası ilə başa çatıb. Əsəri inklüziv uşaq
xoru təqdim edib.
Qeyd edək ki, konsertin əsas məqsədi mədəniyyətin birləşdirici
gücü vasitəsilə fərqli xüsusiyyət və imkanlara malik insanların
cəmiyyətin tamhüquqlu üzvü olduğunu nümayiş etdirmək,
stereotiplərin qırılmasına və inklüziv mədəniyyətin dəyərlərinin
gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.

