
Bakı. Trend:
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktar Pakistanda quruda və dənizdə yerləşən neft və qaz
yataqlarının kəşfiyyatı və hasilatı üzrə sazişin imzalandığını
açıqlayıb.
Trend xəbər verir
ki, qərar İslamabadda iki ölkənin rəsmilərinin iştirakı ilə
aparılan danışıqların nəticəsində qəbul edilib.
Sazişə əsasən, Türkiyənin TPAO dövlət neft şirkəti Pakistanın
enerji şirkətləri olan “Mari Energies”, “Fatima”, OGDCL, PPL,
“Prime” və GHPL ilə birlikdə beş perspektivli yatağın kəşfiyyatı və
işlənməsi üzrə fəaliyyət göstərəcək. Həmin yataqlardan üçü
Pakistanın dəniz sularında yerləşir.
A. Bayraktar bildirib ki, gələcəkdə TPAO Pakistanın dəniz
yataqlarından birinin operatoru olacaq. Onun sözlərinə görə, gələn
ildən etibarən Türkiyə seysmik kəşfiyyat məqsədilə Pakistan
sahillərinə gəmilər göndərəcək və bir sıra sahələrdə həm kəşfiyyat,
həm də birbaşa qazma işləri planlaşdırılır.

