
Bakı. Trend:
Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı
Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9”
raketi ilə uğurla orbitə göndərilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi
(Azərkosmos) məlumat yayıb.
Bİldirilib ki, AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun
nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk
İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri
tərəfindən hazırlanan bu kiçik ölçülü – “PocketQube” tipli peyk
artıq kosmosdadır.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə
həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir.
Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində
tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672
şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında
həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd
olunur.
Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən
hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı
düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi
dəyərləndirilir.
Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay
Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən
mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib
sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz
gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli
layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik
ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız
peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın
təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə
çevrildiyini göstərir”.
Peyk üzərində çalışan şagirdlər bir neçə ay ərzində kosmik
mühəndisliyin əsaslarını öyrənib, elektronika komponentləri ilə
işləyib, simulyasiyalar aparıb və kiçik-ölçülü peyki
mütəxəssislərin rəhbərliyi ilə yığıblar. Bu layihə ölkənin inkişaf
edən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering –
Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) ekosistemi
üçün yeni mərhələ açır və Azərbaycanın tarixində ilk dəfə peykin
tam şəkildə məktəblilər tərəfindən hazırlanması ilə yadda
qalır.
Qeyd edək ki, Milli Peyk Innovasiya Müsabiqəsi KOSMİK
Akademiyanın , Braziliya Kosmik Agentliyi və “IDEIA Space”
şirkətinin birgə təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”-in dəstəyi
ilə həyata keçirilib.
“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata
keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə
buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə
etmək imkanı verəcək.
Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına,
gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik
ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini
təşkil edir.

