
Bakı. Trend:
Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bir sıra obyektlərin
tikintisi üçün icazə tələb olunacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisinin Aqrar siyasət
komitəsinin dekabrın2-də keçirilən onlayn iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli
1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda
dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanuna görə, mülkiyyətdə, icarədə və ya istifadədə
olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100
kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı
obyektlərin tikintisinə icazə tələb olunmur.
Layihəyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan
torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr
olan bir mərtəbəli yardımçı tikililərin, meşə təsərrüfatı və
balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb
olunmur.
Həmçinin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən
çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, (kənd
təsərrüfatı təyinatlı tikilənlər istisna olmaqla) yeraltı su və
çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200
kubmetr olan hovuzların, tutumu 100 nəfərə qədər olan müvəqqəti
tikililərin (kənd təsərrüfatı təyinatlı tikilənlər istisna
olmaqla), hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300
kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı
tikilənlər istisna olmaqla) və oranjereyaların tikintisinə icazə
tələb olunmayacaq.

