
Bakı. Trend:
Azərbaycan və Estoniya vergi sahəsində innovativ idarəetmə
modellərinin inkişafı istiqamətində əməkdaşlıq məsələlərini
müzakirə edib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.
Belə ki, Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun
müavini Yanek Rozovun rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycanda işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Azərbaycan
və Estoniya arasında vergi inzibatçılığı, rəqəmsal xidmətlərin
tətbiqi və innovativ idarəetmə modellərinin inkişafı istiqamətində
əməkdaşlığın daha da genişləndirilməsi olub.
Dövlət Vergi Xidmətində keçirilən görüşlər zamanı Estoniyanın
dünyada tanınmış rəqəmsal idarəetmə ekosistemi, vergi inzibatçılığı
proseslərinin avtomatlaşdırılması, məlumatların real vaxt rejimində
emalı, transsərhəd məlumat mübadiləsi və yeni nəsil analitik
həllərin tətbiqi üzrə təcrübəsi ətrafında geniş müzakirələr
aparılıb. Tərəflər birgə layihələrin həyata keçirilməsi
perspektivlərini, qarşılıqlı inteqrasiya və əməkdaşlıq formatlarını
da nəzərdən keçiriblər.
Görüşlərdə vergi inzibatçılığının təkmilləşdirilməsi, rəqəmsal
ekosistemin daha da inkişaf etdirilməsi, təhlükəsiz məlumat
idarəçiliyi və risk əsaslı vergi nəzarəti mexanizmlərinin
gücləndirilməsi sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Tərəflər arasında geniş təcrübə mübadiləsi aparılıb, müxtəlif
rəqəmsal vergi həlləri və idarəetmə alətləri praktiki şəkildə
nümayiş etdirilib.
Nümayəndə heyətinin səfəri çərçivəsində Estoniya Vergi və Gömrük
Şurası tərəfindən real vaxt iqtisadiyyatı, vergi ödəyicilərinin
qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə həllər üzrə
həyata keçirilən layihələr təqdim edilib. DVX tərəfindən rəqəmsal
vergi inzibatçılığı sahəsində görülmüş işlər, tətbiq edilən yeni
nəsil elektron xidmətlər, vergi risklərinin idarə olunması üzrə
istifadə edilən analitik sistemlər, məlumat təhlükəsizliyi və
idarəetmə modelləri haqqında ətraflı məlumat verilib.

