
Bakı. Trend:
Əmək müqaviləsi üzrə işləyən işçilərin hüquqları artırılır.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas
hüquqları olacaq:
– əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya ona xitam
verilməsi üçün işəgötürənə müraciət etmək;
– elektron informasiya sistemindən əmək müqaviləsini, habelə
əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları
real vaxt rejimində əldə etmək;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından
az olmayan məbləğdə ezamiyyə xərclərini almaq.
Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin
müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin
qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab
ediləcək.

