
Moskva Tbilisi ilə münasibətlərin normallaşdırılmasına hazırdır, lakin siyasi dialoqun bərpası üçün zəmin görmür.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən (XİN) “İzvestiya” nəşrinə bildirilib.
Qeyd olunub ki, əsas fikir ayrılığı Gürcüstanın Tsxinvali bölgəsi və Abxaziya üzrə mövqeyi ilə bağlıdır.
“Buna baxmayaraq, Rusiya Gürcüstanla münasibətlərin normallaşması istiqamətində addımlara hazırdır. Top Gürcüstan tərəfindədir və zənn edirik ki, bu məsələdə hamıdan daha çox Tbilisi maraqlı olmalıdır” – XİN-dən bildirilib.
XİN-nin açıqlamasına münasibət bildirən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib ki, Rusiya Gürcüstanla normal diplomatik əlaqələrə malik olmaq istəyirsə, qoşunlarını işğal altında olan ərazilərdən çıxarmalı və Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır.
Onun sözlərinə görə, Gürcüstanın marağı işğala son qoyulması və ərazi bütövlüyünün bərpasıdır:
“Bu prosesə Rusiya mane olur, məhz Rusiya Gürcüstan ərazilərinin işğalçısıdır. Rusiya qoşunlarını çıxarmalı və ərazi bütövlüyümüzü tanımalıdır. Bu, bizim cavabımızdır və Rusiyada bunu çoxdan yaxşı bilirlər”.

