
Bakı. Trend:
Orta əməkhaqqı və onun hesablanması qaydalarında dəyişiklik
ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrü üçün
verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin
orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı
əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə
bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı
saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı
qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində
qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı
müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin
sayına vurulur.
Layihəyə əsasən, yuxarıdakı hallarda hesablanmış bir günlük
əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin
təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin
təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük
əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqı tətbiq
ediləcək.

