
Bakı. Trend:
3 dekabr tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirə (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq
Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasının sədri olaraq, ADA
Universitetinin təşkil etdiyi “Yaşıl Enerji və Dayanıqlılıqda
Universitetlərin Rolu” adlı beynəlxalq konfrans çərçivəsində,
Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd
rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Şamxal Muxtarov
və Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Nərgiz
Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə davamlı
inkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədən
ağıllı kənd konseptləri barədə məlumat veriblər.
Paneldə həmçinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti
tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən birgə həyata
keçirilən “İşğaldan azad olunmuş ərazilərə köçürülmüş keçmiş
məcburi köçkün ailələrinin sosial-iqtisadi profilinin tədqiqatı
üzrə sorğu” layihəsinin nəticələri nümayiş etdirilib. “Yaşıl və
Dayanıqlı Bərpa: Azərbaycan Təcrübəsi” adlı paneldə ADA
Universitetinin tədqiqat qrupu tərəfindən Ağdam, Füzuli, Şuşa və
Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələri
əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf
istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək
perspektivlər təqdim olunub.
Qeyd edək ki, ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu
(IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və
AQEM-in tərəfdaşlığı ilə 2-3 dekabr tarixlərində həyata keçirilən
konfransda ev sahibi – Azərbaycan, Banqladeş, Birləşmiş Ərəb
Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya,
İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan
Respublikası, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan,
Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən
çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi
iştirak edir.

