
Bakı. Trend:
Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin
keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun
inkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda
yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf
konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri
müzakirə olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən, Vətən
müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan
görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və
ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan
qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi ilə
başlayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor
siyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini və
dünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyini
diqqətə çatdıran sədr komitənin layihələri barədə məlumat
verib.
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və
səlahiyyətli səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksək
qiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.
Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabat
çıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyət
arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən
danışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq
edib.
İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə
qədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığını
bildirib, beyin axını və beyinqazanma mövzularına toxunub,
perspektivə dair təkliflər veriblər.
İcma görüşündə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəki
həftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak edib.
Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diaspor
fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı
təqdim edilib.
Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə ilə
yekunlaşıb.

