
“Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye–Akademiya Əməkdaşlığının Müasir Modelləri”
Qərbi Kaspi Universiteti “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye–Akademiya Əməkdaşlığının Müasir Modelləri” mövzusunda beynəlxalq simpoziuma ev sahibliyi edib.
APA xəbər verir ki, tədbirin əsas məqsədi dünya üzrə akademik və sənaye mütəxəssislərini bir araya gətirərək, kompüter elmlərində müasir tədqiqat metodologiyaları, süni intellekt sahəsində son yeniliklər və sənaye–akademiya əməkdaşlığının inkişaf edən modellərini müzakirə etməkdir.
Simpoziumda iştirak edənlər
Simpoziumda universitetlə əməkdaşlıq edən professorlar, tanınmış alimlər və tədqiqatçılar, həmçinin bu sahədə elmi platformada aktiv iştirak edən mütəxəssislər, beynəlxalq tədqiqat mərkəzlərinin aparıcı nümayəndələri və müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.
Dr. Baseem Khan, Prof. Dr. Umair Shahzad, Dr. Sovan Samanta və Dr. Muhammet Deveci xüsusi çıxışlarla tədbirdə iştirak edib
Xüsusilə “Dünyanın Top 2% Alimləri” siyahısında yer alan, Qərbi Kaspi Universitetinin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzinin aparıcı tədqiqatçısı olan, universitetdə “Artificial Intelligence” dərsini tədris edən, habelə “Journal of Nanotechnology and Innovative Materials” jurnalının Əlaqədar Redaktoru kimi fəaliyyət göstərən Dr. Baseem Khan, həmçinin dünyanın iki nüfuzlu ali təhsil müəssisəsində fəaliyyət göstərən tanınmış alim, Pakistanın Okara Universitetində professor, eləcə də Qərbi Kaspi Universitetinin Mexanika və Riyaziyyat şöbəsində professor və universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərən və tələbələrə “Machine Learning” fənnini tədris edən Prof. Dr. Umair Shahzad xüsusi çıxışlarla tədbirdə iştirak edib.
Tədbirdə universitetin “Building Data Sciences” dərslərini tədris edən və Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzində tədqiqatçı kimi fəaliyyət göstərən, həmçinin Hindistanda Tamralipta Mahavidyalaya Universitetində professorluq vəzifəsini icra edən alim Dr. Sovan Samanta, eləcə də Qərbi Kaspi Universitetin professoru, Universitetin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzinin aparıcı tədqiqatçısı, Türkiyə Milli Müdafiə Universitetinin professoru və University College Londonda (UCL) Fəxri Senior Tədqiqatçısı (Honorary Senior Research Fellow) kimi fəaliyyət göstərən Dr. Muhammet Deveci də simpoziumun fəal iştirakçıları sırasında yer alıb.
IT və süni intellekt sahəsində ən aktual mövzular müzakirə olunub
Tədbir çərçivəsində IT və süni intellekt sahəsində ən aktual mövzular müzakirə olunub, yeni texnoloji trendlər, innovativ tədqiqat yanaşmaları və akademiya–sənaye əməkdaşlığının inkişaf istiqamətləri dəyərləndirilib. Bununla yanaşı, elmi təqdimatlar, təcrübə mübadiləsi sessiyaları və qlobal tədqiqat meyllərinə dair açıq diskussiyalar da təşkil edilib.
Universitetdə üç yeni laboratoriya istifadəyə verilib
Simpozium ərəfəsində universitetdə üç yeni laboratoriya – Deeptech süni intellekt tədqiqat və hesablama laboratoriyası, Data analitika və şəbəkələşmə laboratoriyası, eləcə də Kompüter mühəndisliyi laboratoriyası istifadəyə verilib və bu addım tədqiqat infrastrukturunun daha da gücləndirilməsinə mühüm töhfə olub.
Qərbi Kaspi Universiteti bu simpozium vasitəsilə beynəlxalq elmi əlaqələri gücləndirməyi, tədqiqat ekosistemini genişləndirməyi və ölkədə yüksək texnologiyalar sahəsində innovativ düşüncəni təşviq etməyi hədəfləyir.

