
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bəhreyn və
Küyevtlə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və
qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsini müzakirə
edilib.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)
İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib.
Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji
sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər
vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və
qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.
Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan
“Mumtalakat”ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al
Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud
trendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yeni
bazarlara çıxış imkanlarını müzakirə ediblər.
ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə və
Milli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə
keçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq
potensialı, suveren fondların rolunun artırılması və regional
investisiya axınlarının genişləndirilməsi məsələləri diqqət
mərkəzində olub.
Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreyn
İqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlı
İnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflər
rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ
investisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Bəhreynin dövlət
daşınmaz əmlak şirkəti olan “Edamah” şirkətinin baş icraçı
direktoru Xalid Al Məcid, “Premier Group” rəhbərliyi, eləcə də
“Bapco Energies” şirkətinin baş icraçı direktoru Mark Tomas ilə
görüşlər keçirib.
Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkənin
suveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının baş
direktoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə Dövlət
Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə
qlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığın
genişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətli
investisiya strategiyaları müzakirə edilib.
Nümayəndə heyəti həmçinin Küveyt Birbaşa İnvestisiyaların
Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-Əhməd
Al-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafı
və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib,
eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlarda
mövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədə
müzakirələr aparıb.

