
Bakı.Trend:
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi
maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları
və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər
ardıcıl şəkildə davam etdirilir.
Trend xəbər
verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları
Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və
Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla
görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri
aparıblar.
Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə
qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət
daşıdığını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlı
müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər
üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür
görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və
risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi
sakinlərin diqqətinə çatdırılıb.

