
Bakı. Trend:
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə
heyəti “Vergitutma bazasının aşınması və mənfəətin süni şəkildə
köçürülməsi (BEPS) layihəsi üzrə giriş proqramı və transfer
qiymətlərinin tətbiqi” mövzusunda təlimlərin keçirilməsi məqsədilə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olub.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd transfer
qiymətləri üzrə siyasət və inzibatçılıq sahəsində Dövlət Vergi
Xidməti əməkdaşlarının peşəkar potensialının gücləndirilməsi, eyni
zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığın
inkişaf etdirilməsidir. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin
Mərkəzi Aparatının, Tədris Mərkəzinin, Milli Gəlirlər Baş
İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları
üçün geniş proqramlı təlimlər keçirilib.
Səfər çərçivəsində Beynəlxalq vergitutma və vergi monitorinqi
baş idarəsinin rəhbərliyi ilə qarşılıqlı maraq doğuran mövzular
ətrafında fikir mübadiləsi aparılıb.

