Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir – AQTA

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron
siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə,
hazırda dünyada 100 milyondan çox insan “veyp”-dən (elektron
siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlı
yeniyetmələrdir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr
arasında “veyp” istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə
yüksəkdir.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.




Bildirilib ki, elektron siqaretlər, ənənəvi siqaretlərə
alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar
arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və
şirniyyat dadları, marketinq strategiyaları və sosial mediada geniş
reklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəf
auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər
olsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsi
əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə
yayılır.

Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoş
qoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini
asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində,
restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasına
səbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalını
artırır.
ÜST hesabatında eyni zamanda ölkələrə çağırış edərək bildirir ki,
yeniyetmələr arasında elektron siqaret və digər nikotin
məhsullarının istifadəsini yaxından izləsin, yeni məhsulların
yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici
tədbirlər həyata keçirsin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir