
Türkiyə Ermənistanla 1993-cü ildən bağlı olan quru sərhədini 6 ay ərzində açmağı düşünür. Bu addım Qafqazda ticarəti canlandıra və Ermənistanla Azərbaycan arasında sülhə zəmin yarada bilər.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatı belə yazıb. Yerli media iddia edib ki, bu məsələ rəsmi dairələrdə artıq ciddi müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Türkiyə və Ermənistan nümayəndələri şənbə günü Akyaka-Axurik sərhəd keçid məntəqəsində bir araya gəlib, sonra isə Ermənistanla sərhəddə yerləşən Gümrü şəhərində görüşüblər.
Türkiyə Xarici İşlər Nazirliyi görüşün Qars-Gümrü dəmir yolu xəttinin yenidən açılması üçün danışıqları sürətləndirmək məqsədi ilə keçirildiyini açıqlayıb.
KİV 5 ay ərzində yolun təmirinin başa çatacağını yazıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən ay sülh müqaviləsi imzalanmadan əlaqələrin bərpa olunmayacağını bəyan edib.

