“Ermənistana getməyə hazıram” – Deputatla MÜSAHİBƏ

Baş səhifə

Cavanşir Paşazadə: “Problemi demirsənsə, deməli, dövlət siyasətini dəstəkləmirsən”

“Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam”

“Gənc nəsil başa düşməlidir ki, maddiyyat hər şey deyil”

Azərbaycan mediasında deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.

Modern.az saytının “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və oxucunu bölgələrin daxili dünyasına aparır. 

Layihənin budəfəki qonağı 76 saylı Lənkəran – Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadədir.

–  Cavanşir müəllim, 2005-ci ildən deputatsınız. O dövrdən həm təmsil etdiyiniz bölgələrdə, həm də Milli Məclisdə nələr dəyişib?

– 2005-ci il Milli Məclisdə çox çətin dönəm kimi yadda qalıb. O dönəmdə ölkənin əksər bölgələrində qaz, işıq, yol problemləri var idi. Seçicilərlə görüşəndə onlar bizə deyirdilər ki, heç olmasa, gündə 2 saat işıq və su ilə təmin olunsunlar. Bu gün isə bölgələrdə, dağ rayonlarında həmin problemlər həll olunub. Ən ucqar bölgələrdə belə qaz, işıq, su var. 

– 20 il əvvəlki problemlərdən danışdıq, bəs indi həmin bölgələrdə əsas problemlər nələrdir?

– Deməzdim ki, bölgələrdə hər şey qaydasındadır. 2005-ci ildə hər kənddə 100-120 ev var idisə, ində 200-250 ev var. Kəndlər bir-biri ilə birləşdikcə evlərin yol, su, qazla bağlı təminatı da çətinləşir. Hər keçən il müxtəlif problemlər dilə gətirilir. Büdcə müzakirəsində də bölgə ilə bağlı ən ciddi məsələləri mən qaldırdım. Hökumətlə dövlət arasında fərq var. Biz bu problemləri hökumət qarşısında qaldırmalıyıq. Bəziləri deyir ki, problemi dilə gətirmək dövlət siyasətinə qarşı gəlməkdir. Xeyr, tam əksidir, problemi demirsənsə, deməli, dövlət siyasətini dəstəkləmirsən. Bu gün Gil, Veravul, Xıl kəndlərini və Masallı rayonunu birləşdirən yolların təmirə ehtiyacı var və bunun üçün əlavə büdcə vəsaitinin ayrılması zəruridir. Kənd təsərrüfatında texnika və gübrənin gecikdirilməsi səbəbindən fermerlər çətinliklərlə üzləşir, bəzi kəndlərdə tibb məntəqələri bərbad vəziyyətdədir, bir sıra məktəblərdə isə ümumiyyətlə, istilik sistemi yoxdur. 

– Deputat kimi ki rayonu təmsil edirsiniz. Həmin bölgələrə ayda neçə dəfə gedirsiniz, sizin üçün çətindirmi? Və seçiciləriniz əsasən hansı məsələləri qaldırırlar?

– Görüşlərdə oluram, çatdırıram da. Dekabrın 15-i Lənkəranda görüşüm var. Çalışacağam ki, elə həmin gün də Masallıya gedim. Görüşlərdə büdcə məsələləri ilə bağlı müzakirələr aparmaq istəyirlər, müraciətlərin bir hissəsi əlillik, sosial məsələlərlə bağlıdır. Əsas qaldırılan məsələ isə pay torpaqlarını özündə ehtiva edir. Bu, tək Lənkaran və Masallıda deyil, ümumilikdə Azərbaycanda var. Problem 1990-cı illərdə yaranıb, hazırda da fəsadları qalmaqdadır, yəni pay torpaqları düzgün bölüşdürülməyib. 

– Hər bölgənin əhalisi bir-birindən fərqlənir, bu baxımdan, sizin təmsil etdiyiniz Lənkəran-Masallı bölgəsinin insanlarının əsas fərqləri nələrdir?

– Yerlər var ki, çox hövsələli, səbirli, başqalarına hörmətlə yanaşan, qəlb qırmayandır. Elələri də var, çox hövsələsizdir. Amma hər kəs üçün öz bölgəsi digərlərindən daha əzizdir. Bizim bölgənin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Birinci növbədə isə qonaqpərvərliyi qeyd etmək lazımdır. Bizim tərəflərə gedib kimin qapısını döysəniz, sizi evinə dəvət edər. Biz tərəflərdə, adətən, düyü yeməkləri həftədə iki dəfə bişirilir. Bu ənənə uzun müddətdir ki, davam edir. Təbii ki, hər kəsə məlum olan ləvəngimizi də xüsusilə qeyd etməliyəm. Bundan başqa, Xəzərin sahilində yaşayırıq deyə mətbəximiz balıq yeməkləri ilə də zəngindir. Balıq yeməklərini çox bəyənirik. Lənkəran mətbəxindəki bütün yeməklərin özünəməxsus yeri var. Ola bilər ki, siz Şəki və ya başqa regionun kulinariyasını bəyənərsiniz. Təbii ki, bu, insandan insana dəyişir. 

– Siz Lənkəranda doğulub-böyümüsünüz. Bu rayonla yanaşı, həm də Masallını parlamentdə təmsil edirsiniz. Bu iki rayon bir-birindən nəyi ilə fərqlənir?

– Baxmayaraq ki, bir-birilə sərhəd rayonlardır, hətta bitişik kəndləri var, amma çox böyük fərqlər də görmək olur. Masallının elə kəndi var ki, 4 tərəfi talış kəndləridir, amma onlar talışca bilmir. Əgər talış dilin bilmirsə, demək, ünsiyyət olmayıb. Süfrə mədəniyyətində bölgə olaraq Lənkəran mətbəxi həmişə tamamilə fərqli olub. Lənkəran mərkəz olub deyə insanlar çox gedib-gəliblər. Böyük Vətən müharibəsindən qabaq Lənkəran Avropa ölkələri ilə həmrəy münasibətdə olub. Lənkəran şəhərində Fərəştad adlı yer var, alman dilində şəhərin mərkəzi mənasına gəlir. Orada ancaq almanlar yaşayıb. 

–  Talış dili demişkən, siz seçicilərinizlə bu dildə danışa bilirsiniz?

– Əlbəttə, bilirəm. Talış olanla tanış dilində, bu dili danışa bilməyənlərlə isə Azərbaycan dilində danışıram. 

– Bəs talışlarla yola gedə bilirsiniz?

– Mən elə bir adamam ki, hamı ilə yola gedə bilirəm. 

– Ən çox şikayəti kim edir?

– Bu mənada, heç kim bir-birindən seçilmir. 

– Cənub bölgəsinin insanları dinə çox bağlıdırlar. Bu tendensiyanın uzun illər erkən nikah, qohum evliliyini də özü ilə gətirdiyi deyilir. Siz necə düşünürsünüz?

– Uzun illər bu məsələ müzakirə edilib. Parlamentdə də həmkarlarım Lənkəran bölgəsində qızların tez ərə verilməsi, dərsdən yayınması ilə bağlı fikirlər səsləndiriblər. Mənim atamın 9 qızı var idi, onun hamısı məktəbi bitirmişdi, hətta 4-ü peşə təhsili almışdı. Çünki imkanı o qədərini oxutdurmağa çatmışdı, şübhəsiz, daha çox gücü, imkanı olsaydı, hamısını oxudardı. Oxuduğum sinifdə 24 qız, 4 oğlan var idi. Mən kənddə yaşamışam, məktəbimiz 8 illik idi. İnsanlar görürdü ki, övladlarını 11 illik oxutmağa gücləri yetməyəcək, nəticədə, uşaqlar da bunu bilib ev işləri və yaxud da başqa işlərlə məşğul olurdular. Azyaşlı kimi ərə verilmək məsələsinə gəldikdə, mənim bacılarım 18, 20, 24 yaşlarında evləniblər. Bu proses hər yerdə var, amma deyim ki, illər əvvəl belə şey yox idi. Var-dövlətə meyillilik artıqdan sonra erkən evlilik də artdı. Deyirlər, filankəsin Rusiyada filan obyekti var, filan evi var, amma gedib orada evlənmir, orada gördüyü həyatın içində olsa da, özü istəmir ki, həyat yoldaşı elə olsun. Ona görə də gəlib 10-cu sinfi təzə bitirən qızı alır. Qızın da ailəsi deyir ki, onun var-dövləti, evi, maşını var, get yaxşı yaşa. 

– Cavanşir müəllim, sizin də övladlarınız var. Onlar harada təhsil alıb, harada işləyirlər?

– Bir qızım, iki oğlum var. Bir oğlum polisdə, yüksək rütbədədir. Qızım filoloqdur, müəllim işləyir. Digər oğlum isə İstanbulda yaşayır, orada işləyir. O, burada məhkəmədə işləyirdi. Daha sonra Böyük Britaniyaya gedib dəniz brokerliyi sahəsində təhsil aldı, orada bir müddət logistika ilə məşğul olandan sonra İstanbulda öz şirkətini yaratdı. Nəvələrimin hamısı oxuyub. Onlardan üçü İstanbulda yaşayır, iki nəvəm isə təhsilləri ilə bağlı İngiltərədədirlər. Bir nəvəm İstanbulda oxuyub, indi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri işləyir. Digərləri balacadır. Ən balaca nəvəmin adı Esmamələkdir. Gündə gəlib mənə yalan danışır (gülür). 

– Yolunuzu davam etdirməsini istədiyiniz övladınız və ya nəvəniz varmı?

– Mənim işim siyasətdir, hələ ki yaxın gələn yoxdur. Bir nəvəm İngiltərədə xarici siyasət üzrə təhsil alır. Amma harada işləyəcəyinə özü qərar verər. 

– Azərbaycanın hər bölgəsinin özünəməxsus adət-ənənələri var. Bəs Lənkəran-Masallının adət-ənənələri içərisində sizin sevdiyiniz və sevmədikləriniz hansılardır?

– Adət-ənənə varsa, o bəyənilməlidir. Dövrə uyğun olmasa da, hörmətlə yanaşmaq lazımdır. Mən bir müddət Özbəkistanda yaşamışam. Onlarla bizim ənənələrimizi müqayisə etsək, deyərdim ki, kaş onların ənənəsi bizdə olsun, onlara oxşasın. Onlarda böyüyə qarşı hörmət, qonaqpərvərlik bizlərdən daha çoxdur. 

– Ölkədə toy, yas mərasimlərinin sadələşdirilməsi prosesi başlayıb, Lənkəran-Masallı bölgəsində vəziyyət necədir? 

– Kim necə istəyir, elə də keçirir, Allah hamısına xeyir versin. Yəni biz bu baxımdan “geridəqalmışıq”.

– Ümumiyyətlə, yasların daha sadə keçirilməsinə münasibətiniz necədir?

– İndi sadə edən də var, etməyən də. Əvvəl 3, 7 mərasimləri ayrı-ayrılıqda keçirilirdisə, indi ikisini birləşdirirlər. Mənim atam deyərdi ki, ömrüm boyu yas mərasimlərinə getmişəm, hamısnda da gətirib qabağıma bir stəkan çay qoyublar. Mənim də hüzrümə kim gəlsə, onun qarşısına çay qoysunlar. Belə də olmalıdır. Əks halda, yas mərasiminə heç kəs gəlməyəcək. 

– Regionlarla bağlı deputatlarla danışanda onlar əsasən yalançı, saxta mollalardan şikayətlənirlər…

– Sən hər başında papaq, üzündə saqqal olan adama molla deyirsənsə, elə də olmalıdır. Dilənçini seçə bilirsənsə, yaxşı bəs mollanı niyə seçə bilmirsən?

– Qəbiristanlıqlarda özləri deyir ki, mollayıq, Yasin oxuyaq..

– Molla sözünün mənası öyrədici deməkdir. O özünə sığışdırar ki, 5 manat ver, Quran oxuyaq?

– Əvvəllər məscidlərə axundu Qafqaz Müsəlmanları İdarəsi təyin edirdi. Sonra bu səlahiyyət idarədən alındı. İndi bu səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerinə yetirir. İcrada hər hansı fərqləri görürsünüzmü?

– Xeyr, hər hansı bir fərq görmürəm. Səlahiyyətlərin alınması deyəndə ki, o ciddi bir şey ifadə etmir. Elmi tərəfini Qafqaz Müsəlmanları İdarəsi yoxlayır, əmrini isə Dini Komitə verir. Biz gərək şəriətin işinə qarışmayaq. Azərbaycanda din dövlətdən ayrıdır. Biz isə bu məsələdə sanki dinin işinə qarışmışıq. 

– Şeyx bu məsələdə sizinlə mübahisə etdi?

– Yox, biz Şeyxlə belə məsələləri müzakirə etmirik. Siz ola bilər ki, onu yaxından tanımırsınız. 

– Həccə getmək məsələsinə gəlincə, hələ də buna Qafqaz Müsəlmanları İdarəsi nəzarət edir.

– Qafqaz Müsəlmanları İdarəsinin razılığı ilə kvota verilir. Hər dövlətdə bu, belə tənzimlənir. Bizdə kvota çox azdır – 500-600 nəfər üçün yer ayrılır. 

–  Siz Həccə getmisiniz?

– Bəli.

– Neçə dəfə?

– Allah neçə dəfə qismət edibsə. 

– Cavanşir müəllim, tez-tez sizin də, Şeyxin də adı müxtəlif biznes sahələrində çəkilir. 

– Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar. 

– Mətbuatda Şeyxin adı ilə bağlı tez-tez qalmaqallı yazılar yayımlanır. Sizə bununla bağlı şikayət edibmi?

– Bu məsələ nə onu, nə də məni narahat edir. Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itib mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər ki, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik. 

– Ölkə gündəmində əsas məsələlərdən biri də Ramiz Mehdiyevdir. Uzun müddətdir siyasi aləmdə olan bu şəxslə bir çox ictimai, siyasi xadimin adı hallanır. Hətta onlar içərisində deputatlar da var. Maraqlıdır sizin və şeyxülislam Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

– Mənim heç bir halda onunla əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də. Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz. 

–  Tək gəlir mənbəyiniz deputatlıqdır?

–  Mənim əvvəl ölkədə və xaricdə kiçik bizneslərim olub. Əsas gəlir mənbəyim də ora olub, indi uşaqlarım məşğuldurlar. 

– Uşaqlara vermisinizsə, demək, əsas gəlir mənbəyiniz deputat maaşıdır?

– Bəli.

– Bəzi həmkarlarınız deputat maaşının azlığından şikayətlənirdi, bəs siz necə? 

– Mən deməzdim. Bəs edir, şükür Allaha. 

– Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Cəmiyyətdə belə bir fikir var ki, deputatlar bu kimi ölkələrdə yaxşı biznes qurmaq imkanına sahibdir.

– Ölkəmiz enerji sahəsində Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Artıq bəzi strukturların, yeni texnologiyaların yaradılması, kənd təsərrüfatı sahəsində müqavilələrimiz var. Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan arasında 5 milyard dəyərə yaxın müqavilələr mövcuddur. Yavaş-yavaş həm kənd təsərrüfatı, həm enerji, həm də turizm sahəsində münasibətlər formalaşmaqdadır. Ölkələr arasındakı bu cür yüksək münasibət iki dövlət başçısının bir-birinə inamı, dostluğundan qaynaqlanır ki, bu da hər birimiz üçün gələcəkdə əlaqələri genişləndirmək baxmından yeni imkanlar açır.

– Belə bir iddia var ki, deputatlar, həmçinin din adamları bu yaxınlarda Ermənistana gedəcək. Siz və Şeyx bu cür görüşlərdə iştirak etmək istəyərsinizmi? 

– İlk növbədə, öz adımdan cavab verim ki, mən dövlətimizin siyasətini həyata keçirmək üçün hər zaman hazıram. Dövlət başçımız Ermənistanla məsələni sülhlə həll etmək istəyir və əvvəl-axır bunu həyata keçirməliyik. Proses nə qədər tez başlasa, bir o qədər də insanların bir-birinə yaxınlaşması sürətlənəcək. Biz qalib ölkəyik və bu səbəbdən, gərək bəzi məsələləri üzərimizə götürək. Öz böyüklüyümüzü göstərməli, düşmənçiliyi axıra qədər aparmamalıyıq. Biz sülhə, barışığa, inkişafa nail olmaq üçün tək Ermənistanla yox, başqa ölkələrlə də münasibətlərdə dövlətimizin mövqeyini nümayiş etdirməyə hazırıq. Mən Şeyxin mətbuat katibi olmasam da, deyə bilərəm ki, 30 ildir Moskvada və digər bölgələrdə Ermənistanın katalikosu, dini rəhbərləri ilə görüşlər keçirilib. İstər indiki patriarxın və istərsə də bundan əvvəlkinin dönəmində əsirlərin dəyişdirilməsi, azad olunması, müharibəni dayandırmaq məqsədilə görüşlər keçiriblər. Vatikanda da onların görüşləri olub. Hətta İspaniyada keçirilən böyük konfransda bu məsələlər müzakirə edilib. 44 günlük Vətən müharibəsi dönəmində isə Ermənistan katalikosunun boynunda silah və hərbçiləri müharibəyə, ölümə çağırması din adamına yaraşmayan hərəkət idi. Çünki adam dindardırsa, o insanları sülhə və barışığa çağırmalıdır. Keçən ay şeyxülislam həzrətləri ABŞ-də bir sıra böyük görüşlər keçirdi. Konfranslarda 22 min insan iştirak edirdi. Təbii ki, lazım olsa, şeyxülislam da Ermənistana gedər, Azərbaycanın mövqeyini təmsil edər. İndiyədək bu görüşlər yönündə dəfələrlə addımlar atılıb.

– Şeyxin övladları, nəvələri arasında onu gələcəkdə kimsə əvəz edə bilər?

– Bizim ailəmizdə əzəldən dinə bağlılıq olub. Amma nəslimizdə tam dindar adam olmayıb. Şeyxin ailəsi Quran oxuyur, qızları namaz qılır. Amma ailədə Şexin yolunu davam etdirə biləcək biri yoxdur. 

–  Qayıdaq bölgəyə. Fikirləriniz gənclərin düşüncə tərzi ilə fərqlidir. Gənc seçiciləriniz sizinlə sosial media üzərindən əlaqə qura blirlərmi?

– Çoxdur. Görüşə gedəndə də gəlirlər. İndiki gənclər bizdən çox-çox irəlidədirlər. İstər dünyagörüş baxımından, istər şərait baxımından, istərsə də perspektiv baxımından. Azərbaycanın çox sağlam və etibarlı gələcəyi var. Bu mənada, mənim onlara inamım çoxdur. Amma bəzən gənclər seçdikləri yola görə sonradan başqalarını qınayırlar. Mənə də o vaxt deyirdilər ki, get tərəvəz sat, mal-heyvana bax. Amma mən kiçik vəzifədən – briqadirlikdən başlayaraq yavaş-yavaş bu günlərə gəlib çatdım. İndi əsas problemimiz gənclərin kəndlərdən, eləcə də ölkədən köç etməsidir. Bu gün gənclərimiz evlənmir. Biz bunun fəsadlarını 20 il sonra görəcəyik. Gənclər xaricdə təhsil almağa, işləməyə daha çox meyillidirlər. Bu özü də problemə çevriləcək. Gələcək gəncsiz ola bilməz. 

– Ölkəmizdə son illərdə boşanmalar da artıb. Cənub bölgəsində vəziyyət necədir?

– Ölkəmizdə olduğu kimi, cənub bölgəsində də hazırda boşanmaların sayında artım var. Çünki gənclər öz səviyyələrindən, – imkanı, işi, gəliri, –  üstün adam axtarırlar.

– Gənclərə şəxsi təcrübənizdən irəli gələrək tövsiyələriniz nə olardı?

– Mən də sizin kimi düşünsəydim, indi evli olmazdım. Amma mən 25 yaşıma keçəndə evləndim. Azərbaycanda yaşamamışam deyə dünyagörüşüm də fərqlidir. Heç vaxt şikayətlənməmişəm, Allah nə versə, şükür etmişəm. Harada olsam, fikriləşmişəm ki, ailəmin, anamın yanına getməliyəm. İndiki gənclərdə o bağlılıq bir o qədər də qalmayıb. Gənc nəsil başa düşməlidir ki, maddiyyat hər şey deyil. Ailə həyatı quranda fikirlərin üst-üstə düşməsi, dünyagörüş, təhsil daha vacibdir. Gənclər gərək kiçik şeyləri problemə çevirməsinlər, bir-birlərinə hörmətlə yanaşsınlar. Hər hansısa bir problem olanda səbirli olsunlar. Belə olduqda hər şey də yaxşı olacaq. 

– Cənub bölgəsində radikal dindarlıqla bağlı da mətbuatda zaman-zaman xəbərlər oxuyuruq…

– Azərbaycanda insanların əksəriyyəti İslam dinini qəbul edib. Amma dünyada gedən prosesə baxsaq, görərik ki, bir gün də minlərlə insan dinini dəyişir. Bir ailədə həm müsəlman, həm xristian ola bilər. Bu həmişə olub və olmalıdır. Biz buna radikal yanaşırıqmı, əsas məsələ budur. Bizim mənfimiz odur ki, insanlar öz dinindən utanır. Xristianlar xaçı boynundan asır, biz isə “Allahu Əkbər” deyəndə əlimizi aşağı salırıq ki, kimsə görməsin. Dindar adam dövlətinə, xalqına radikal ola bilməz. Bu haradasa kimlərəsə uyan, aylıq maaş alan, yalandan saqqal saxlayan, yalandan namaz qılan insanlardır. 

– Təmsil etdiyiniz bölgə İranla sərhəddə yerləşir. İrandan Azərbaycanca narkotik vasitələrin tranzit edildiyi də məlumdur. Lənkəran və Masallıda mənfi vərdişlərə nə qədər rast gəlinir?

– Hər yerdə olduğu kimidir. Mən ABŞ-yə gedəndə də bunu gördüm. Təbii ki, bu kimi halların qarşısını almalıyıq. Bunun üçün, birinci növbədə, gənclərlə işlənməlidir. Ən başlıcası isə onların iş problemləri həll olunmalıdır. Əks halda, bu problemin də qarşısı almaq çətin olacaq.

– Təmsil etdiyiniz rayonlara səfər edərkən səhhətinizlə bağlı xəstəxanalara getmisiniz?

– Hələ ki qismət olmayıb. Amma iclasda da dediyim kimi, bəzi səhiyyə obyektlərinin vəziyyəti acınacaqlıdır. 

– Zaman-zaman icra başçıları ilə həmin rayonun deputatı arasında problemlər olur. Sizin bu 20 ildə icra başçıları ilə münasibətiniz necə olub?

– Mən xahiş etməyi, söz deməyi sevmirəm. Nəyə gücüm çatırsa, özüm edirəm. 

– Bu, rayon camaatı ilə bağlı məsələlərə da aiddir, yoxsa şəxsi?

– Biləndə ki, bu məsələ rayon icra hakimiyyətindən aslı deyil, o zaman dövlətin mənə verdiyi səlahiyyətlər çərçivəsində rəsmi şəkildə müraciətlər edir və rəsmi də cavablar alıram. Ona görə də xahiş olmur. 

– Bəs seçiciləriniz icra hakimiyyəti ilə bağlı sizə şikayət edirlərmi?

– Bəli, olur. Mən də həmin şikayətləri aidiyyəti üzrə bildirirəm. 

– Seçicilərinizə görə nazirlik, yaxud digər qurumlarla mübahisəniz düşübmü?

– Mübahisə deməzdim. Amma məktub göndərmişəm və düzgün cavab verilməyibsə, tələblərimi yenidən və dəfələrlə etmişəm. 
 
– Rayonda yaşayan qohumlarınız var? Onların işlə təmin olunmasında hər hansı dəstəyiniz olubmu?

– Mənim yerim-yurdum oradır, qohumlarım orada yaşayır. Bacılarım, əmioğullarım da oradadırlar. Təbii ki, işləyirlər, amma kənd təsərrüfatı və bu kimi sahələrdə. Yüksək vəzifədə olanı yoxdur. 

– Deputat dostlarınızı heç Lənkəran, Masallıya dəvət etmisiniz?

– Yox. Onların başqa rayonları gəzməyə ehtiyacları yoxdur (gülür).

– Lənkəranı təmsil edən tək deputat siz deyilsiniz. Bu bölgəni təmsil edən deputatlarla münasibətiniz necədir? Hətta ilk dəfə deputat seçilən gənc kadrlar da var.

– Onlar hələ təzədir. Baxırsan ki, bəzi şeylərə hələ öyrəşməyiblər. 

– Sizdən məsləhət alan olub?

– Təbii ki, olur. 

– Nə kimi məsləhətlər verirsiniz?

– Məsləhət verməyə çəkinmirəm. Düz söz düz sözdür.

– Bizdə müəyyən deputatlar var ki, dəfələrlə seçki dairələrini dəyişiblər. Siz bu haqda düşünürsünüzmü?

–  Bu haqda heç düşünməmişəm. Çünki mənim təmsil etdiyim bölgədə qohumlarım, yaxınlarım yaşayır. Mənim burada problem görüb başqa yerə getməyim düz deyil. Bizim insanlarımız hələ tam öyrəşməyib ki, deputat kimdir. Mən hökumətlə vətəndaş arasında vəkiləm. İşim sənin problemini aidiyyatı strukturlara çatdırmaqdır. Sənin yolunu mən çəkə bilmərəm, məktəbini mən tikə bilmərəm, evinin üstünü mən düzəldə bilmərəm. Mən bir-iki nəfərə köməklik edə bilərəm, amma yüz nəfərə uşaqpulu verə bilmərəm. 

– Bundan sonrakı parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü?

– Ona dövlətin siyasəti qərar verəcək. Mən dövlətin, xalqın əsgəriyəm. Nə deyilsə, elə də edəcəyəm. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir