
Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid
məntəqəsi), Bakı-Gəncə, Gəncə-Saatlı və Sumqayıt-Göyçay avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)
marşrutu üzrə fiziki şəxs Musayev Niyazı Mürşüd oğlu;
Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
Gəncə-Saatlı marşrutu üzrə fiziki şəxs Ağaşov Əlsafa Tapdıq
oğlu;
Sumqayıt-Göyçay marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn
Əliabbas oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

