
Bakı.Trend:
Norm Azərbaycanda sənaye tullantılarının təkrar istifadəsi
istiqamətində növbəti addımı ataraq, neft-qaz sənayesində qazma
əməliyyatlarından əldə edilən emal olunmuş qazma şlamı üzərində
sənaye sınaqlarını müvəffəqiyyətlə tamamlayıb. Azeri M-I tərəfindən
təchiz olunan, təqribən 1000 ton emal olunmuş qazma şlamı Norm
Sement zavodunda klinker istehsalı zamanı alternativ xammal kimi
istifadə edilib. Laboratoriya, emissiyaya nəzarət və əməliyyat
testləri materialın sobada emalı üçün tələb olunan keyfiyyət,
təhlükəsizlik və ətraf mühitlə bağlı bütün standartlara cavab
verdiyini təsdiqləyib.
Sınaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsinə (ƏMTQ) müvafiq şəkildə həyata keçirilib və
bütün mərhələlərdə tənzimləyici qaydalara, eləcə də ətraf mühitin
tələblərinə uyğunluğuna tam nəzarət təmin edilib.
Layihə qazma əməliyyatları ilə sement istehsalı arasında dövri
əlaqə formalaşdırır. Belə ki, neft-qaz sektoru üçün quyu-tamponaj
sementi təchiz edən Norm, öz növbəsində həmin quyulardan əldə
edilən emal olunmuş qazma şlamını klinker istehsalında təkrar
istifadə edəcək. Sənaye tullantılarından alternativ xammal kimi
istifadə ətraf mühitə təsirin azaldılmasına, xammalın səmərəli
istifadəsinə və dairəvi iqtisadiyyatın inkişafına gətirib
çıxaracaq.
Həmçinin, Azərbaycanın neft-qaz və sement sənayesi arasında
əməkdaşlığın güclənməsinə və dayanıqlılıq məqsədlərinə doğru
irəliləyiş əldə olunmasına şərait yaradacaq.
Tullantıları istehsal dövriyyəsinə qaytarmaqla, Norm resurs
cəhətdən səmərəli və dairəvi iqtisadiyyata dəstək göstərəcək, eləcə
də sement istehsalında ətraf mühitə təsiri azaltmaq üçün yeni
yollar araşdırmağa davam edəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

