
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, uşağın doğulması ilə bağlı kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və sonra olmaqla ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
Cəmiyyət arasında sözügedən müddətin yetərli, yaxud yetərli olmaması barədə fikir müxtəlifliyi mövcuddur.
Maraqlıdır, nəzərdə tutulan müddət kifayət qədər yetərlidirmi?
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında aydınlıq gətirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı bildirib ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər çərçivəsində atalara 14 günlük ödənişli məzuniyyət verilməsi ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin bölüşdürülməsi və uşağın dünyaya gəlməsi prosesində atanın fəal iştirakının təmin olunması baxımından son dərəcə mühüm addımdır. Onun sözlərinə görə, bu, həm sosial, həm də psixoloji aspektdən əhəmiyyətli yenilikdir.
“İctimaiyyətdə bu müddətin azlığı ilə bağlı fikirlər səslənsə də, hesab edirəm ki, bu, ilk mərhələdir və çox vacib presedent yaradır. Azərbaycan qanunvericiliyində əvvəllər ümumiyyətlə mövcud olmayan bir hüququn yaradılması özü-özlüyündə mühüm nailiyyətdir. Nəzərə almaq lazımdır ki, qanunvericilik sosial münasibətlərin inkişafı ilə paralel şəkildə təkmilləşir və gələcəkdə bu müddətin artırılması, mexanizmlərin genişləndirilməsi tamamilə istisna edilmir”.
Deputat əlavə edib ki, əsas məsələ odur ki, ata artıq hüquqi müstəvidə uşağın doğulması ilə bağlı ailədə daha aktiv rol alır, həyat yoldaşına dəstək olur və körpənin ilk günlərində onunla birlikdə olur:
“Bu, ailədaxili münasibətlərin keyfiyyətinə, uşağın erkən inkişafına və cəmiyyətimizdə sağlam ailə modelinin formalaşmasına müsbət təsir göstərəcək.
Odur ki, 14 günlük müddətin başlanğıc üçün yetərli olduğunu düşünürəm. Əsas olan mexanizmin işləməsi, ailələr tərəfindən istifadə olunması və sosial davranışların dəyişməsidir. Praktik nəticələr ortaya çıxdıqca, ehtiyac və təcrübələrə uyğun olaraq, biz bu istiqamətdə daha geniş addımların atılmasının şahidi ola bilərik”.
Yekun olaraq G.Ağamalı vurğulayıb ki, bu dəyişiklik ailə institutuna dövlət səviyyəsində yüksək dəyər verildiyinin, atanın tərbiyə prosesində rolunun gücləndirilməsinə yönələn yanaşmanın bariz nümunəsidir.

