
Bakı.Trend:
İsveçrəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
İsveçrənin Xarici İşlər üzrə Dövlət Katibi Aleksandr Fasel, eləcə
də Milli Şuranın Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli və
onun müavini Sibel Arslan ilə görüşlər keçirib.
Trend xəbər
verir ki, görüşlər zamanı Azərbaycan Respublikası ilə İsveçrə
Konfederasiyası arasındakı ikitərəfli münasibətlərin mövcud
vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Tərəflər
siyasi, iqtisadi və humanitar sahələrdə praktiki əməkdaşlığın daha
da dərinləşdirilməsi, həmçinin parlamentlərarası əlaqələrin
canlandırılması istiqamətində ciddi iradə və qarşılıqlı maraqlarını
ifadə ediblər.
Elçin Əmirbəyov həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşması prosesinin hazırkı vəziyyəti və perspektivləri,
bölgədə dayanıqlı sülhün və inkişafın təmin olunması məqsədilə
Azərbaycan tərəfindən atılan konkret addımlar barədə qarşı tərəfi
məlumatlandırıb. Bu kontekstdə regionda nəqliyyat
kommunikasiyalarının bərpasının və Cənubi Qafqazın tranzit
potensialının artırılmasının, xüsusilə də beynəlxalq sülh və rifah
naminə Tramp Marşrutunu da özündə birləşdirən Zəngəzur dəhlizinin
işə salınmasının strateji əhəmiyyəti izah olunub.
Səfər çərçivəsində Prezidentin nümayəndəsi həmçinin ölkənin
siyasi və iqtisadi elitasının nüfuzlu təmsilçilərini bir araya
gətirən nüfuzlu platforma – Bern Siyasi Klubunun təşkil etdiyi
tədbirdə çıxış edərək Cənubi Qafqazda gedən geosiyasi proseslər və
Azərbaycan ilə Ermənistan arasında sülh prosesi haqqında təqdimatla
çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Keçirilmiş görüşlər zamanı Elçin Əmirbəyov İsveçrə tərəfini
Ermənistanın işğalı dövründə Azərbaycanın mədəni irs abidələrinin
dağıdılması və ölkədə genişmiqyaslı mina problemi barədə ətraflı
məlumatlandırıb, bu mövzularla bağlı nəşrləri təqdim edib.

