
Bakı. Trend:
Dekabrın 4-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilir.
Trend xəbər verir ki, məhkəmə
iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak edirlər.
Məhkəmə iclası təqsirləndirilən şəxslərin müdafiəçilərinin
çıxışları ilə davam etdirilir.
Təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli
çıxışında deyib ki, məhkəmə hökmü yalnız qəti və şübhəsiz sübutlar
əsasında çıxarılmalıdır. O, D.İşxanyan barəsində bəraət hökmünün
çıxarılmasını məhkəmədən xahiş edib.
D.İşxanyanın digər vəkili Elçin Əmirov da müdafiəçisi olduğu
şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş
edib.
Təqsirləndirilən Levon Balayanın müdafiəçisi Vəfa Mehdiyeva
hüquqlarını qoruduğu şəxsin əməllərində cinayət tərkibi olmadığını
deyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş
edib.
L.Balayanın digər vəkili Saqi Məmmədov da hüquqlarını müdafiə
etdiyi şəxslə bağlı bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş
edib.
Təqsirləndirilən Davit Allahverdiyanın müdafiəçisi Nizami Əliyev
deyib ki, hüquqlarını qoruduğu şəxs özünü elan olunan ittihamlarda
təqsirli bilmir. O bildirib ki, D.Allahverdiyana qarşı irəli
sürülmüş sübutlar əsassızdır və mötəbər deyil. Müdafiəçi
D.Allahverdiyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən
xahiş edib.
Onun digər vəkili Elməddin Məmmədov da özündən əvvəl çıxış etmiş
müdafiəçinin çıxışında göstərilən xüsusatlarla razılaşdığını
deyib.
Təqsirləndirilən Erik Qazaryanın müdafiəçisi Natiq Mustafayev
çıxışında hüquqlarını qoruduğu şəxsin özünü təqsirli bilmədiyini,
silahını təhvil verərək Azərbaycan Silahlı Qüvvələrinin
hərbçilərinə könüllü təslim olduğunu bildirib. O, E.Qazaryan
barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

