
Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun zamanında
həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında
çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu multimodal bağlantılar marşrutu dəmir
yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və
Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası
arasında maneəsiz bağlantını təmin etməlidir.
“Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının
əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı
olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar
gətirir”, – deyə o qeyd edib.

