Azərbaycan Çinin beynəlxalq mədəniyyət festivalında təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Çin Xalq Respublikasının Ciansu əyalətinin Nankin
şəhərində baş tutan “Nanjing Youth Cultural Exchange Event”
beynəlxalq mədəniyyət festivalında uğurla təmsil olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və
Azərbaycanın Çindəki Səfirliyinin dəstəyi ilə festivalda iki stend
qurulub, ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi geniş
auditoriyaya nümayiş etdirilib. Stendlərdə milli geyim nümunələri,
Azərbaycan xalçaları, çay mədəniyyəti, maarifləndirici posterlər və
materiallar, tarixi abidələrimizi əks etdirən açıqcalar, Xarıbülbül
və digər tematik açarlıqlar, həmçinin nar mövzulu suvenirlər
sərgilənib. Ziyarətçilərə ölkəmizə dair məlumat kitabçaları,
Azərbaycan bayraqları və digər xatirə hədiyyələri təqdim
olunub.




Çinin Nankin Poçt və Telekommunikasiya Universitetinin biznesin
idarə edilməsi (MBA) üzrə magistri, müxtəlif mədəni tədbirlərdə
Azərbaycanın fəal təmsilçisi Nilgün Quluzadə və digər azərbaycanlı
tələbələr festivalda Azərbaycan haqqında təqdimatlarla çıxış
ediblər. Çinlilərə və digər əcnəbilərə tariximiz, mədəni irsimiz
haqqında geniş məlumat veriblər.

Tədbir çərçivəsində ölkəmizlə bağlı maarifləndirici viktorinalar
təşkil olunub, qaliblər mükafatlandırılıb. Yüzlərlə ziyarətçinin
marağı ilə qarşılanan stendlər yerli və milli televiziya
kanallarında işıqlandırılıb.

Festivalın təşkilatçıları və digər ölkələrin nümayəndələri qeyd
ediblər ki, Azərbaycan stendləri tədbirin ən uğurlu və rəngarəng
təqdimatları sırasında olub. Onlar gələcəkdə də ölkəmizin bu kimi
layihələrdə fəal iştirak etməsini arzuladıqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir