
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədəki “Youth
in Business” (TurYiB) proqramı çərçivəsində 35 yaşadək gənc
sahibkarlar tərəfindən idarə olunan və ya onlara aid olan
müəssisələrin kreditləşdirilməsi üçün 50 milyon ABŞ dollarına qədər
(43 milyon avro) vəsait ayıracaq.
Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.
“TurYiB proqramı gənc sahibkarlığın inkişafına və gənc biznes
sahiblərinin dəstəklənməsinə yönəlib. AYİB tərəfindən veriləcək
maliyyə dəstəyi, Avropa İttifaqı tərəfindən “European Fund for
Sustainable Development Plus” (EFSD+) vasitəsilə təmin edilən “first loss cover” (ilk zərər örtülməsi) və Türkiyə Maliyyə və
Xəzinə Nazirliyi tərəfindən təmin edilən Türkiyə Kredit Zəmanət
Fondu (KGF) ilə birlikdə risk bölüşdürmə mexanizmləri ilə müşayiət
olunacaq,” – məlumatda qeyd edilir.
AYİB-in məlumatına görə, maliyyə dəstəyindən başqa, gənc
sahibkarlar biznes bacarıqlarının artırılması və müəssisələrinin
uzunmüddətli inkişafı üçün qeyri-maliyyə resurslarına çıxışı
genişləndirmək məqsədilə ixtisaslaşmış təlimlərdə və ustad
dərslərində iştirak edə biləcəklər.
Bildirilib ki, bu layihə Türkiyədə gənc sahibkarlığın davamlı
iqtisadi böyüməyə və inkişafına töhfə verməyi, gənc biznes
liderlərinin milli iqtisadiyyatda rolunun gücləndirilməsini
hədəfləyir.

