Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib – YENİLƏNİB

Baş səhifə

4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və gözləntilərimiz barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

15:38

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

APA Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının gündəliyini nəzərdən keçiriblər, yüksək səviyyəli təmasların müsbət dinamikasını alqışlayıblar, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat və rabitə, ticarət və “yaşıl keçid” sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Ceyhun Bayramov regional məsələlər və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin təşviqi səyləri barədə Kaya Kallasa məlumat verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir