Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib – YENİLƏNİB

Baş səhifə

4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.

Görüşdə, ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

22:10

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, nazirlər iki ölkə arasında strateji tərəfdaşlığın müsbət dinamikasını yüksək qiymətləndirib və regional sabitlik və inkişaf üçün dostluq, qarşılıqlı dəstəkləyici münasibətlərin əhəmiyyətini vurğulayıblar.

Enerji, nəqliyyat-logistika, elektrik enerjisi və yaşıl enerji üzrə yeni birgə layihələr, eləcə də mədəni və humanitar mübadilələr sahəsində əməkdaşlıq müzakirə edilib.

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün göstərilən səylər də mövzudan kənarda qalmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir