
Bakı. Trend:
Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli
hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir.
Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə
məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər
və piyadalar üçün əlavə çətinliklər yaradır.
Trend xəbər verir ki, bu barədə BDYPİ məlumat
yayıb.
“Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava
və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət
həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki
sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı
xatırladır.
Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli
olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki
ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici
elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların
yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını
ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda
təhlükəsizliyi seçməyə çağırır”, – deyə bildirilib.

