
Bakı. Trend:
2025-ci ilin yanvar – noyabr ayları ərzində ölkə ərazisində
pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış
mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və
tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film
nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində
göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi
praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi
xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən
istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min manat
olub.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar – noyabr aylarında xarici vətəndaşlar
tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)
məbləği 9 milyon 819,7 min manat təşkil edib.

