
Bakı. Trend:
Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların
qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu
haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit
olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də
mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq
ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının
iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması
vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl
prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma
yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün,
mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.
Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Mədəni irs və
qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına
müraciətində yer alıb.
“Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması
Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə
hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında
qarşılıqlı anlaşma üçün zəruridir.
Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları
özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv
yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini
beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və
suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş
Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya
gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin
paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması
üçün ümid və inam yaradır”, – müraciətdə bildirilir.

