
Azərbaycanda dəmir yolu şəbəkəsinin təxminən 63%-i artıq elektrikləşdirilib və ötən il yük daşımalarının 80%-dən çoxu elektrik dartısı ilə həyata keçirilib.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin AİB ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatında ADY-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, Biləcəri və Gəncə deposunda 650-dən çox günəş paneli quraşdırmışıq və onlar hər il 132 000 kVt-saatdan çox təmiz enerji istehsal edir. Bu göstərici əvvəlki (2023-cü il) nəticədən təxminən 70% çoxdur.
“Bununla paralel olaraq, dekarbonizasiyanın əsas tərkib hissəsi olan rəqəmsallaşma istiqamətində də böyük irəliləyiş əldə etmişik. ADY daxilində işin təşkili daha ağıllı və inteqrasiya olunmuş rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır.
AİB ilə dəmir yolu sektorunda rəqəmsallaşma və bacarıqların inkişafı sahəsində əməkdaşlığımız bu istiqaməti daha da möhkəmləndirir və bizə məlumatların idarə edilməsi, aktivlərin idarə olunması və hərəkətin təşkili üzrə qabaqcıl həlləri tətbiq etməyə imkan yaradır. Bu isə həm xərcləri, həm də emissiyaları azaldır, eyni zamanda təhlükəsizlik və etibarlılığı artırır.
Yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsi ekosistemi tətbiq etmişik və burada stansiya rəisləri, yük agentləri və çəki operatorları üçün rəqəmsal imzalar istifadə olunur.
“Rəqəmsallaşma sərnişin təcrübəsini də dəyişir – onlayn bilet satışından və rəqəmsal identifikasiyadan tutmuş əsas xəttlərdəki “ağıllı turniket” sistemlərinə qədər.
Bu ekoloji, texniki və rəqəmsal tədbirlərin hamısı göstərir ki, bu gün başladığımız iş nəzəri deyil. O, real tərəqqi, real imkanlar və real institusional öhdəliklər üzərində qurulur. Bütün bunlar ADY-nin artıq müasir və dayanıqlı dəmir yolu sistemi yaratmaq istiqamətində lazımi təcrübəyə, iradəyə və dinamikaya sahib olduğunu sübut edir.
Uzunmüddətli baxışımız aydındır. Biz karbon-neytral dəmir yolu sisteminə doğru ardıcıl şəkildə irəliləmək istəyirik”, – Rövşən Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, bu gün başlanan texniki və iqtisadi əsaslandırmalar həm də genişmiqyaslı iqlim-müsbət tədbirlərin ən effektiv şəkildə harada tətbiq oluna biləcəyini müəyyənləşdirməyə kömək edəcək.
“Başqa sözlə, bu texniki yardım çərçivəsində aparılacaq analitik iş ADY-nin bərpa olunan enerji, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və uzunmüddətli emissiya azaldılması strategiyaları üzrə dəkarbonizasiya yol xəritəsini formalaşdıracaq.
Əminəm ki, AİB ilə əməkdaşlığımız, eləcə də digər beynəlxalq maliyyə institutları və tərəfdaşlarla əmək fəaliyyətimiz ADY-ni milli dəmir yolunun necə modernləşmə, dəhliz inkişafı və iddialı iqlim tədbirlərini vahid, ardıcıl bir strategiyada birləşdirə biləcəyinə nümunə göstərəcək”, – ADY rəhbəri bildirib.

