
Bakı. Trend:
Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiya
mütəxəssisləri “RobotChallenge”də yarışacaq.
Azercell ölkədə innovasiya və texnoloji bacarıqların inkişafını
təşviq edən daha bir layihəyə dəstək verir. Mobil operator dünyanın
ən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunan
Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakı
rəsmi sponsorlardan biri qismində çıxış edəcək. Bu əməkdaşlıq
çərçivəsində Azercell 2026-ci ildə keçiriləcək ölkə üzrə milli
seçim mərhələsinin təşkilini dəstəkləyəcək.
Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18
fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı il
tarixlərinədək açıqdır.
2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı
hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları
bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə
marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar
etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir.
Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində
baş tutacaq beynəlxalq finalda təmsil edəcək.
“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya
qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına
müraciət edə bilərlər.

