Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub (FOTO)

Baş səhifə

Bakı. Trend:

4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük
Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının
(AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə
“Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.

Dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan
Könüllüsünü bir araya toplayan Forum “Konstitusiya və Suverenlik
İli”nə həsr edilib.

Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni
zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə
qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə
həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü
təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü
təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin
müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar
nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan
Könüllüləri sərgi ilə tanış olublar.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən
forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər
Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin
sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan
Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra
edən Yusif Vəliyev çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin
təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən
bəhs edib, Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi
ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici
qüvvəsi olduğunu diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu il
5-ci ildönümünü qeyd etdiyimiz Şanlı Zəfərimiz gənclərin
vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni
zamanda, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”
elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin
dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının
möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri
Vüqar Əliyev tədbir iştirakçılarına İttifaqın 2025-ci il ərzində
həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. Qeyd
olunub ki, hər zaman olduğu kimi, 2025-ci ildə də ölkə başçısı
İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları
əsas götürülərək AKTİ tərəfindən il ərzində könüllülərin bilik və
bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətli layihələr
həyata keçirilib. İttifaqın sədri çıxışında könüllülük hərəkatının
inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması
istiqamətində əldə olunan mühüm nailiyyətləri vurğulayıb. O,
gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi
və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması
məqsədilə yeni layihə və təşəbbüslərin irəli sürüləcəyini də
diqqətə çatdırıb.




Sözügedən Forumda 44 günlük Vətən müharibəsində qazanılan
Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif
sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar
nümayiş etdirilib.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə
və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş addım
olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü”
mükafatı ilə təltif olunub.

Forumun davamında xalq artisti Alim Qasımov və əməkdar artist
Fərqanə Qasımova, gənc müğənnilər Mərdan Kazımov və Fəxri İsmayılov
iştirakı ilə könüllülər üçün musiqili hissə baş tutub.

Tədbirin yekununda Forum iştirakçılarının xatirə fotosu
çəkilib.

Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində
“Suveren Azərbaycan” intellektual liqası, Könüllü Saatı, “Zəfər
atışı” atıcılıq turniri, “Könüllü ol” adlı infosessiyalar, Birlikdə
5 il – Könüllülük Festivalı, Ulu Miras, Azərbaycan Könüllülərinin
Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə
proqramı kimi layihə və tədbirlər təşkil ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir