
Bakı. Trend:
Azərbaycan–Gürcüstan Media Forumunun məhz informasiya
təhlükəsizliyi mövzusuna həsr olunması çox önəmli və aktualdır.
Çünki bu problem hər iki ölkə üçün ümumi bir ortaq məsələdir. Həm
Azərbaycanda, həm Gürcüstanda müəyyən institutlardan və
istiqamətlərdən hazırlanan manipulyasiyaların, dezinformasiyaların
təsirinə məruz qalırıq və təəssüf ki, bu, bir çox hallarda dağıdıcı
nəticələrə gətirib çıxarır.
Trend xəbər
verir ki, bunu bu gün “ARB 24” telekanalının icraçı direktoru Radik
İsmayılov Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində
“İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin
gücləndirilməsi” mövzusuna həsr olunan panel sessiyada çıxışı
zamanı deyib.
R.İsmayılov bildirib ki, bu məsələlərə süni intellekt
texnologiyalarının, xüsusilə də generativ süni intellektin daxil
olması problemləri daha da artırır:
“Biz generativ süni intellektin hesabına bəşər tarixinin ən
önəmli texnoloji inqilablarından birini yaşayırıq. Düzdür, bu
tarixi dövrün içində yaşadığımız üçün bilmirəm, özümüzü şanslı
sayaq, yoxsa ehtiyatlanmağa çalışaq. Amma dəqiq bildiyim odur ki,
belə bir şəraitdə, xüsusilə də böhran vəziyyətlərində xəbər
telekanalının rəhbəri olmaqdan çətin bir şey yoxdur. Çünki əldə
etdiyimiz və ya bizə təqdim olunan məlumatın həqiqi, yoxsa saxta
olduğunu müəyyənləşdirmək çox çətindir.
Bu, bizim üçün informasiya cəbhəsinin önündə olmaq, tamaşaçı
etimadını itirməmək və jurnalist peşəkarlığını qorumaq məsələsidir.
Ona görə də generativ süni intellekt dövründə informasiya
təhlükəsizliyinin əhəmiyyəti və riskləri daha da artır.
İcraçı direktor vurğulayıb ki, hər iki ölkədə məlumatlara çıxış
xeyli asanlaşıb, lakin doğru informasiya ilə saxtanı ayırmaq
imkanları tədricən azalır. Bu isə insanların həyatına, dövlət
qurumlarının və biznes strukturlarının fəaliyyətinə, hətta vətəndaş
cəmiyyətinə belə təsir göstərir:
“Həm Azərbaycanda, həm Gürcüstanda ənənəvi medianın mövqeyinin
zəifləməsi ilə rəqəmsal və sosial medianın təsiri artır. Bu isə
informasiya bolluğu şəraiti yaradır və bunun fonunda biz müəyyən
dairələrdən informasiya hücumlarını, saxta xəbərləri, manipulyativ
informasiyaların sürətlə yayılmasını müşahidə edirik. Son dövrdə
Gürcüstanda nüfuzlu bir telekanalın yaydığı yanlış məlumat əsasında
yaranmış böhranı yəqin ki, hamımız diqqətlə izləmişik”.
Televiziya rəhbərinin sözlərinə görə, narahatlıq doğuran əsas
məqam odur ki, manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə
yayılır. Bu, dezinformasiyanı artıq bir ictimai təsir metoduna
çevirib və insanlar buna daha tez məruz qalır.
“Diqqətimizi bu sahəyə daha çox yönəltməliyik. İnformasiya
təhlükəsizliyini təmin etmək üçün cəmiyyəti təhlükəsiz və düzgün
məlumatla təmin etməliyik. Müasir dövrdə kiber təhlükəsizlik və
informasiya təhlükəsizliyi çox vaxt sinonim kimi işlədilir, lakin
mən onların ayrılmasının tərəfdarıyam. Çünki kibertəhlükəsizlik
virtual mühitin qorunmasını nəzərdə tutur, informasiya
təhlükəsizliyi isə daha geniş və ümumi anlayışdır. Bu, hətta milli
təhlükəsizlik səviyyəsinə qədər yüksələn bir sahədir”.
ARB24 rəsmisi əlavə edib ki, texnoloji, ideoloji və sosioloji
aspektlər informasiya təhlükəsizliyinin əsas tərkib hissələridir.
İnformasiya təhlükəsizliyi milli maraqların həm daxildə, həm də
xaricdən qorunmasını ehtiva edir. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı ilə informasiya təhlükəsizliyi
çətirinin altına artıq radio-televiziya məkanının, rəqəmsal və
sosial medianın təhlükəsizliyi, informasiya azadlığı və informasiya
doğruluğu kimi məsələlər də daxil olub. Bu isə bizi birbaşa narahat
edən məqamlardandır.
“Mediada transformasiya və konvergensiya, internet medianın
güclənməsi, insanların operativ informasiya tələbatının onlayn
şəkildə təmin olunması informasiya təhlükəsizliyinin təmin
edilməsini daha da çətinləşdirir. Generativ süni intellektin
sürətli inkişafı şəraitində informasiya təhlükəsizliyinin təmin
olunması həm qlobal, həm regional, həm də lokal xarakter daşıyır.
Ona görə də bu məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq.
Süni intellektin informasiya təhlükəsizliyinə təhdidlərindən
həmkarlarım da danışacaq, mən isə əsasən generativ süni intellektin
informasiya təhlükəsizliyinin təmin olunmasında necə istifadə edilə
biləcəyindən söz açmaq istəyirəm. Çünki süni intellekt yeni risklər
yaratsa da, eyni zamanda yeni imkanlar da təqdim edir. Məsələn,
süni intellekt alqoritmləri real vaxtda anomaliyaları müşahidə edə
bilir; insidentlərə reaksiyanı saniyələrə endirir; davranış
analizləri vasitəsilə risklərin proqnozlaşdırılmasını asanlaşdırır;
potensial boşluqları aşkarlayıb müdafiə tədbirləri təklif edir;
prosesləri avtomatlaşdıra bilir və insan səhvlərinin qarşısını
almağa kömək edir.
Generativ süni intellekt dövrü informasiya təhlükəsizliyini
yenidən düşünməyi tələb edir. Bu, artıq təkcə texnoloji məsələ
deyil. Bu proses strateji, hüquqi və etik ölçülərə malik kompleks
bir yanaşma tələb edir. Bu baxımdan həm ölkə daxilində, həm region
səviyyəsində Azərbaycan və Gürcüstan jurnalistlərinin birgə
fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Biz manipulyativ xəbərləri və
deepfake-ləri birlikdə araşdırmalı, onların qarşısını almaqda
əməkdaşlıq etməliyik”, – deyə o fikrini tamamlayıb.

