
Bakı. Trend:
Süni intellekt nə qədər inkişaf edirsə, ənənəvi medianın
əhəmiyyəti və cəmiyyətdəki rolu bir o qədər artır.
Trend xəbər
verir ki, bunu bu gün Gürcüstanın İctimai Televiziyasının
“Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya
aparıcısı Ramiliya Əliyeva Azərbaycan-Gürcüstan Media Forumu
çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media
ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panel
sessiyada çıxışı zamanı deyib.
Layihə rəhbəri bildirib ki, bu gün dəqiq, obyektiv, məsuliyyətli
informasiyaya olan ehtiyac daha da güclənir. Süni intellekt isə bu
prosesdə alət ola bilər, amma insan məsuliyyətini, peşəkar
jurnalistikanı, faktlara söykənən informasiyanı əvəz edə
bilməz.
“Təkcə Azərbaycan və Gürcüstanda deyil, ümumilikdə qlobal
miqyasda süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə, yaxın
illərdə süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacib
mövzulardan birinə çevriləcək. Çünki bütün informasiya vasitələri,
rəqəmsallaşdırılmış platformalar və rəqəmsal ekosistemin özünün
inkişaf etdiyi bir mühitdə, bu proseslərin müəyyən qaydalar və
nəzarət mexanizmləri çərçivəsində idarə olunması artıq
zərurətdir.
Biz media nümayəndələri çox yaxşı bilirik ki, lisenziyalaşdırma
medianın fəaliyyətində etimad yaradan əsas elementlərdən biridir.
Əgər hər hansı şəxs və ya qurum media subyekti kimi çıxış edirsə,
ona göstərilən etimad məhz dövlətin və ya beynəlxalq təşkilatların
təqdim etdiyi lisenziya və akkreditasiyalardan qaynaqlanır.
Süni intellekt sahəsində də oxşar mexanizmlərin tətbiqi, yəni AI
sistemlərinin lisenziyalaşdırılması gələcək illərdə ən mühim
məsələlərdən biri olacaq. Bu həm ictimai etimadı qoruyacaq, həm də
informasiya təhlükəsizliyini təmin edəcək”, – deyə o fikrini
tamamlayıb.

