
Bakı. Trend:
Əkin yerinin yandırılmasına görə inzibati tənbeh almış şəxs
tərəfindən təkrar törədilməsinə görə yeni cərimələr
müəyyənləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və
dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibati
Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.
Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər
dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya
işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə
inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı
min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs
tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı
yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki
min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya
İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək
müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min
manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Mövcud qanunvericiliyə əsasən, əkin yerinin yandırılmasına görə
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə
edilir.

