Bakıda tanışları ilə əlbir olub 78 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Baş səhifə

Bakıda tanışları ilə əlbir olub 78 nəfərə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən Zabil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Zabil Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını təklif edib.

Təqsirləndirilən şəxsin vəkili dəymiş ziyanın yarısından çoxunun ödənildiyini bildirib. O, məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zabil Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub, onun cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Qeyd edək ki, ittihama görə Zabil Məmmədovun özünü vəzifəli şəxs kimi təqdim edən tanışı Samirə Mirzəyeva, Ağayev Mirqələm, Fariz Əliyev ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama) və digər maddələri ilə ittiham elan edilib. Samirə Mirzəyevanın barəsində başqa cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Onların işinə ayrı icraatda baxılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir