
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Dəmir Yollarının öz
aktivlərindən bərpa olunan enerji istehsalı üçün necə istifadə edə
biləcəyini və öz ehtiyaclarının ödənilməsi üçün onların tətbiqi
yollarını araşdıracaq.
Trend xəbər verir
ki, bu barədə bu gün AİB-in Energetika İdarəsində İnkişaf etməkdə
olan Regionlar üzrə direktor Sindi Sisneros-Tianqko dekabrın 5-də
Bakıda AİB ilə Azərbaycan Dəmir Yolları (ADY) arasında əməkdaşlıq
çərçivəsində karbonsuzlaşdırma ilə bağlı layihənin təqdimatı
çərçivəsində jurnalistlərə bildirib.
“Şəxsən mənim fikrimcə, bu layihə həqiqətən transformativ
xarakter daşıyır. AİB və ADY tərəfdaşlığı göstərir ki, çoxtərəfli
inkişaf bankları, özəl sektor və hökumətlər mürəkkəb çağırışlara
uyğun aktual və inteqrasiya olunmuş həlləri birlikdə işləyib
hazırlaya bilərlər. AİB-in missiyası elə bundan ibarətdir”, – deyə
o bildirib.
Onun sözlərinə görə, texniki yardım bir neçə istiqamətə
yönəldilib və bunların hamısı ADY-in gələcəkdə necə bir dəmiryolu
şirkəti olmalı olduğu vizionu ilə uyğunlaşdırılıb.
“Biz innovativ həlləri yalnız dəmiryolunun fəaliyyətində
nəzərdən keçirməyəcəyik, biz eyni zamanda onun aktivlərini bərpa
olunan enerji istehsalı üçün, eləcədə öz ehtiyaclarının ödənilməsi
üçün necə istifadə edə biləcəyini mütləq nəzərdən keçirəcəyik” –
deyə Sisneros-Tianqko qeyd edib.
Bundan əlavə, AİB enerji səmərəliliyinin artırılması və
potensialın gücləndirilməsi tədbirlərinə fokuslanacaq, çünki
texniki yardımın məqsədi şirkətə və ya ölkəyə layihələri müstəqil
şəkildə həyata keçirmək və inkişaf etdirmək imkanı yaratmaqdır.

