
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) dekabr ayında karbonsuzlaşdırma
layihəsi üzrə Azərbaycan Dəmir Yollarına ilkin hesabat təqdim
edəcək.
Trend xəbər verir
ki, bunu bu gün AİB-in heyət rəhbəri və enerji məsələləri üzrə
mütəxəssisi Kanqbin Çjen (Kangbin Zheng) AİB və Azərbaycan Dəmir
Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihənin
Bakıdakı təqdimatında etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, hesabatda mühəndis layihələndirməsi üçün
texniki əsaslar təmin olunacaq, şəbəkəyə inteqrasiya variantları
nəzərdən keçiriləcək və həyata keçirilmə parametrləri
müəyyənləşdiriləcək.
“AİB-in giriş missiyası çərçivəsində sahə müşahidələrinin
aparılması, obyektlərin təşftişi , həmçinin depo, yarımstansiyalar,
stansiyalar, yük meydançaları, logistika mərkəzləri və şəbəkə
qoşulma nöqtələrinə baş çəkməklə əməliyyat məlumatlarının
toplanılması planlaşdırılır”, – deyə o bildirib.
Kanqbin Çjen qeyd edib ki, dəmir yolu nəqliyyat sektorunun əsas
və vacib elementlərindən biridir və milli iqlim öhdəliklərinin
yerinə yetirilməsinə töhfə vermək potensialına malikdir.
“İş yalnız ADY-nin korporativ sərhədləri ilə məhdudlaşmayacaq.
Biz həmçinin proqram yanaşması ilə hərəkət etmək – artıq yetkin,
sınaqdan çıxmış texnologiyaları tətbiq etmək və onları Azərbaycanın
reallıqlarına uyğunlaşdırmaq istəyirik”, – deyə o bildirib.

