
Bakı. Trend:
Azərbaycan və Türkiyə vətəndaşlarının rifah səviyyəsinin
artırılması, sosial təminat hüquqlarının qorunması və məşğulluğun
inkişaf etdirilməsi istiqamətində birgə işlər görülür.
Trend xəbər
verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat
Işıkhan bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək,
məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə əmək, məşğulluq və
sosial sahələrdə eyni hədəflərə malikdir:
“Biz həqiqətən bir qardaş kimi birgə çalışırıq. Xüsusilə hər iki
ölkənin vətəndaşlarının rifah səviyyəsinin artırılması, sosial
təminat hüquqlarının qorunması və məşğulluğun inkişaf etdirilməsi
istiqamətində birgə işlər görülür.
Xüsusilə işçi qüvvəsinin mobilliyində maraqlıyıq. Regionda işçi
qüvvəsinin hərəkətliliyi çərçivəsində bunun Türk Dövlətləri
Təşkilatı tərəfindən idarə olunmasını istəyirik. Təşkilata üzv
ölkələrin Prezidentləri və əmək nazirləri ilə birlikdə bu
istiqamətdə işlərimizi davam etdirəcəyik”.

