
Bakı. Trend:
Azərbaycanda media savadlığı ayrıca tədris olunur, lakin bununla
yanaşı, jurnalistika ixtisası ilə bağlı fənlərin tədrisinə də
müəyyən elementlər inteqrasiya edilib.
Trend xəbər
verir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan-Gürcüstan Media
Forumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin
media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusuna
həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
V.Zifəroğlu vurğulayıb ki, praktiki nöqteyi-nəzərdən isə burada
əsas məsələ xəbər istehsalı prosesində informasiyanın hansı
meyarlarla işlənilməsi, hansı norma və prinsiplərə əməl olunması,
analitik və araşdırma jurnalistikası zamanı mövzuların işlənməsi və
faktların toplanması prosesində hansı ölçülərin əsas götürülməsi,
sorğu aparmağın doğru üsulları, sualların düzgün qoyuluşu kimi
vacib bacarıqların öyrədilməsidir:
“Bu meyarlar obyektivlik və dəqiqlik prinsiplərindən kənara
çıxmamaq üçün çox əhəmiyyətlidir. Praktiki dərslər və tapşırıqlar
zamanı da bu nüanslar xüsusi olaraq nəzərə alınır”.
Dekan bildirib ki, media savadlığı yalnız jurnalistlər üçün
deyil — bütün cəmiyyət üçün əhəmiyyətli olan əsas bacarıqlardan
biri sorğulamağı bacarmaqdır:
“Əldə edilən və ya qarşıya çıxan hər hansı bir informasiyanın
həqiqəti nə dərəcədə əks etdirdiyini, həmin məlumatda həqiqət
payının nə qədər olduğunu müəyyənləşdirmək qabiliyyəti hər kəsdə
olmalıdır.
İnternet və informasiya kanalları bizə çoxsaylı alternativ
mənbələr təqdim edir. Bu isə o deməkdir ki, bir mənbədən əldə
etdiyimiz məlumatın nə dərəcədə həqiqət olduğunu digər müstəqil və
paralel mənbələrdən yoxlamaq mümkündür. Bunun üçün sadəcə olaraq
“bu nə dərəcədə həqiqət ola bilər?” sualını vermək, yəni
sorğulamağı bacarmaq kifayətdir”.
BDU nümayəndəsi xatırladıb ki, Azərbaycana qarşı aparılan
informasiya müharibəsi çərçivəsində internetdə, o cümlədən tanınmış
platformalarda, məsələn, “Wikipedia”da Azərbaycanın tarixi
faktları, tarixi şəxsiyyətləri, bölgələri, toponimləri və
etnoqrafiyasına dair çoxlu sayda yalan məlumatlar mövcud olub:
“2010-cu illərdə gənclərimizin başladığı könüllü hərəkat həmin
dezinformasiyaların aradan qaldırılmasına yönəlmişdi. O dövrdə
jurnalistika fakültəsinin tələbələri də bu prosesə fəal qoşularaq
mətnlərin tərcüməsinə, faktların yoxlanılmasına, mənbələrin
dəqiqləşdirilməsinə yardım göstərirdilər.
Bu nümunələr göstərir ki, müxtəlif kanallardan müxtəlif
məlumatlar yayıla bilər, lakin əsas məsələ həmin məlumatı
sorğulamaq, onu digər paralel mənbələrlə yoxlamaq və nə dərəcədə
həqiqəti əks etdirdiyini müəyyənləşdirməkdir. Bu isə media
savadlığının ən vacib komponentidir”.
Qeyd edək ki, bu gün Bakıda “İctimai etimadın
formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”
mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Forum çərçivəsində birinci panel sessiya “İnformasiya
təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin
gücləndirilməsi” mövzusuna həsr olunub.
“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media
savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikinci
panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.

